RUSİYANIN GÜRCÜSTANA “YUMŞAQ GÜC” NÜMAYİŞİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstan ərazisində həm Rusiya, həm də NATO eyni vaxtda hərbi təlimlər keçirir”. 

“Gürcüstan ərazisində həm Rusiya, həm də NATO eyni vaxtda hərbi təlimlər keçirir”.


TİA.AZ xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. Onun sözlərinə görəRusiyanın 58-ci ordusu Şimali Qafqazda hərbi təlimlərə başlayıb və təlimlər Gürcüstanın işğal olunmuş Cənubi Osetiya torpaqlarını da əhatə edir:

“Paralel şəkildə rus ordusu və osetin separatçıları 2008-ci il müharibəsindən bu yana zaman-zaman istifadə etdikləri üsula – Cənubi Osetiya ilə Gürcüstanın digər hissəsini ayıran demarkasiya xəttini genişləndirməyə əl atıblar. Gürcülər gecə yatır və səhər durub görürlər ki, işğal xətti ölkənin içərilərinə doğru daha bir neçə yüz metr irəliləyib. Sonuncu bu cür “sürünən işğal” nəticəsində hətta Bakı-Supsa neft kəmərinin bir hissəsi o tərəfdə qalıb. Gürcüstan hökuməti nədənsə bu hadisəyə çox da böyük əhəmiyyət vermir və quru bəyanatlarla kifayətlənir. Halbuki ciddi hay-küy salmaq, hətta əraziyə qoşun yeridib, Rusiya ilə hərbi toqquşma riskinin yaranması bahasına da olsa, problemi beynəlxalq səviyyədə aktuallaşdırmaq mümkündür. Gürcü aktivistlər bir neçə gündür ərazidə keşik çəkməyə başlayıblar”.

Politoloq deyir ki, eyni zamanda, Rusiya “yumşaq güc” vasitələrindən də istifadə edərək, Gürcüstan daxili siyasətinə təsirini artırmağa çalışır:

“Avropada olduğu kimi, burada da Moskva millətçi-faşist ünsürlərlə əlaqə qurub, onlardan yararlanır. İyulun 14-də Tiflisdə “Gürcü marşı” deyilən kütləvi aksiya keçirildi. Bundan 3 gün əvvəl isə həmin neofaşist qrupların parlamentdəki təmsilçisi olan “Vətənpərvərlər İttifaqı”nın deputatları Rusiyaya səfər edib, orada görüşlər keçirdilər”.

NATO təlimlərinə gəldikdə isə, Ş.Cəfərli deyir ki, iyulun 30-da Vazianidə (Tiflis) növbəti “Noble Partner” hərbi təlimləri başlayır: “Bu təlimlər Gürcüstan ordusunu NATO standartlarına uyğunlaşdırmaq üçün 2015-ci ildən bəri təşkil olunur. Bu dəfə təlimlərə üzv və tərəfdaş ölkələrdən 3 minə yaxın əsgər və çoxlu sayda hərbi texnika cəlb edilib. Artıq Poti limanına gələn NATO hərbi texnikası quru yolu ilə Tiflisə irəliləyir və NATO tankları ilə rus tankları arasında çox az məsafə var.

Təlimlərin açılışında yüksək səviyyəli qonaq – ABŞ-ın vitse-prezidenti Mayk Pens də iştirak edəcək. Bu fakt hazırki çətin məqamda Gürcüstana dəstək nümayişi kimi qiymətləndirilməlidir. Onu da qeyd edim ki, ABŞ Nümayəndələr Palatasının Rusiyaya qarşı sanksiyalara dair qəbul etdiyi qanunda bu qanunu zəruri edən səbəblər arasında Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı da göstərilir. Bundan başqa, qanuna əsasən Gürcüstan, Ukrayna və bəzi Balkan ölkələrində Rusiya təsirinə qarşı mübarizə aparmaq məqsədilə 250 milyon dollarlıq fond yaradılır”.

Politoloq deyir ki, Gürcüstandakı təlimlərə Ermənistan da qatılacaq, Azərbaycan isə qatılmaqdan imtina edib: “Səbəbini bilmirəm. İmtinanı Ermənistan amili ilə izah edənlər var. Amma xatırlatmaq istərdim ki, siyasi-hərbi rəhbərliyimiz əsgərlərimizin Moskvada ermənilərlə birlikdə hərbi paradda iştirakını problem saymamışdı”.


İlahə