“Təəssüflər olsun ki, sabahkı görüşdən ciddi bir nəticə gözləmirəm. Çünki Rusiyanın mövqeyində dəyişiklik sezilmir”.
“Təəssüflər olsun ki, sabahkı görüşdən ciddi bir nəticə gözləmirəm. Çünki Rusiyanın mövqeyində dəyişiklik sezilmir”.
Bunu TİA.AZ-a aprelin 28-i Moskvada keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edərkən politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, hər halda əgər dəyişiklik olsaydı, bu açıqlamalarda özünü göstərərdi.
“Bizim ən böyük istəyimiz odur ki, Rusiya tərəfi təsiri altında olan Ermənistan hakimiyyətinə təzyiq və ya təsir edib, münaqişənin mərhələli həll planını sürətləndirsin. Amma çox təəsüf ki, bu baş vermir. Bizdən əsas tələbləri odur ki, atəşkəsə riayət edək. Biz atəşkəsə riayət edərik, amma atəşkəsin əbədiyyətə qədər riayət olunması status-kvonun uzanması deməkdir. Bu da bizim maraqlarımıza uyğun gəlmir. Ona görə də mən optimist deyiləm. Sabahkı görüşdən ciddi bir nəticə də gözləmirəm”.
Qeyd edək ki, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov Moskva görüşünü Dağlıq Qarabağ münaqişəsi üçün olduqca əhəmiyyətli hesab edir və bu görüşün Ermənistanın ya münaqişənin “Kazan düsturu” çərçivəsində həllinə razılaşmasını, ya da danışıqlar prosesindən tamamilə yayınmasını müəyyən edəcəyini deyir. Onun sözlərinə görə, əgər Ermənistan danışıqlar prosesindən yayınsa, bu münaqişə zonasında hərbi variantın gündəmə gəlməsi deməkdir.
E.Şahinoğlu hesab edir ki, Sergey Markov bu açıqlamaları ilə çox optimist görünür. Ancaq onun proqnozları özünü doğrultmur:
“Markov- Azərbaycana ədalətli mövqedə olduğunu hər zaman vurğulayan politoloqlardandır. Bu yaxşı haldı. Amma o, keçən il də deyirdi ki, ilin sonuna qədər torpaqlar boşaldılacaq, qaçqınlar geri qayıdacaq. Belə açıqlamaları ilə Azərbaycan cəmiyyətini rahatlatmışdı. Ancaq göründüyü kimi, bunlar yalnız söz olaraq qalır və heç bir realığa uyğun deyil. Mən o zamanlar da bunları vurğulayırdım. Bu hadislərin heç biri də baş vermədi. İndi də guya Ermənistan razılaşmasa, Rusiya Ermənistana təzyiq göstərəcək. Bunlar hamısı mifdir. Rusiya Ermənistana təzyiq və təsir etmir. Bunu etsəydi biz bunu çoxdan hiss edərdik. Əksinə keçən il də Sankt-Peterburq görüşündə Rusiyanın ən böyük istəyi o idi ki, cəbhə bölgəsində monitorinq qrupu artırılsın. Bu da bizim maraqlarımıza cavab vermir. Sergey Lavrov da deyir ki, Dağlıq Qarabağ ətrafında ərazilərin boşaldılması mümkündür. Amma status-kvo məsələsi həll olunmalıdır. Bu da bizim maraqlarımıza cavab verməyən paket həll variantıdır. Belə olan halda Rusiya Ermənistana hansı təzyiq edəcək ki?”.
İlahə