Oryol şəhərində vətəndaşları Ukrayna Silahlı Qüvvələrinin (USQ) pilotsuz təyyarələri və raketlərindən qoruyacaq xüsusi modul sığınacaqlar yaradılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Oryol vilayəti hökumətinin “Telegram” kanalı məlumat yayıb.
“Ukrayna PUA-larının Oryol vilayəti ərazisinə hücumlarının tezliyi, habelə Kiyev rejimi tərəfindən raket hücumlarının davam etməsi təhlükəsi ilə əlaqədar olaraq, yaxın vaxtlarda Oryolda sakinlər üçün əlavə sığınacaqlar təchiz ediləcək”, – məlumatda bildirilir.
İnsanların sıx toplaşdığı yerlərdə modul strukturların qurulacağı deyilir.
Hökumət əlavə edib ki, Oryol vilayəti sərhəd bölgəsi deyil, sərhəddən 150 km-dən az məsafədə yerləşir, buna görə də vilayət qubernatoru Andrey Klıçkovun sözlərinə görə, insanların təhlükəsizliyini təmin etmək üçün qoruyucu tədbirlər görülməlidir.
Ukrayna Silahlı Qüvvələri artıq Oryol vilayətinə hücum cəhdləri edib. Yalnız martın 17-də Oryola yaxınlaşan iki pilotsuz təyyarə vurulub.
Bundan əvvəl Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak Rusiyanın sərhəd rayonlarına hücumları gücləndirməyə çağırıb.