Ötən gün Kremlə bağlı ekspert Sergey Latışev Novorosinform.org saytına Azərbaycanla bağlı maraqlı, həm də əcaib açıqlama verib.
Tribunainfo.az xəbər verir ki, o, Qərbin Azərbaycandan guya, “ikinci cəbhə” açmaq fikri olduğunu iddia edib.
Latışev bildirib ki, guya, bu plan Gürcüstanda alınmadığı üçün Azərbaycanın üzərində dayanılıb. “Bu gün Qərb Azərbaycana stavka edir. Məqsəd Azərbaycan diasporu və cinayət yolu ilə Rusiyanın cənubunda sabitliyi pozmaqdır”.
Gülməli odur ki, Kremlin “ruporu” Azərbaycanın bu işləri görmək üçün üç əsas “səbəbi”nin olduğunu da “tapıb”. “Birincisi, Londonun şantajı. Bakı elitasının pulları Britaniya banklarındadır. İkincisi, Rusiyanın yeni dünya müharibəsi ilə bağlı zəifliyi illüziyası. Üçüncüsü, ən əsası isə, Qərb Bakıya İran torpaqları şəklində tarixi cekpot təklif edib. Güney Azərbaycanın Azərbaycana birləşdirilməsi nəzəri olaraq mümkündür. Lakin Təbriz Qarabağ deyil. İran Bakının neft terminallarını asanlıqla xəritədən silə bilər”.
Latışev Azərbaycanın Rusiyaya qarşı bir sıra addımlar ata biləcəyini də istisna etməyib. O deyib ki, Bakı Rusiyanı iqtisadi cəhətdən çox çətin duruma sala bilər. “Azərbaycan Rusiyaya iqtisadi cəhətdən bir neçə zərər verə bilər. Məsələn, Bakı Şimal-Cənub (Rusiya-İran) nəqliyyat dəhlizini bağlayır və Moskvanı bu istiqamətdə logistikasız qoyur. Bu, Rusiya iqtisadiyyatına güclü zərbədir”.
Rus ekspert daha sonra qeyd edib ki, Rusiya FTX-sı bu ölkədəki “criminal qrupları” təmizləməklə məşğuldur. “Federal Təhlükəsizlik Xidməti Rusiyadakı Azərbaycan diasporunu təmizləyir. Yekaterinburq nümunəsi yalnız başlanğıcdır”.
P.S. Latişevin müsahibəsindəki qərəz öz yerində. Amma onun özü də bilmədən etiraf edib ki, Azərbaycan daha əvvəlki deyil. Mühüm ölkə olmaqla yanaşı, strateji yolların üzərində yerləşməsi, habelə güclü olması Rusiyaya belə təsir etmək imkanları yaradıb. Azərbaycan iqtidarının uzun illərdən bəri həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi olaraq ortaya çıxan mənzərə artıq şimal qonşumuza da aydındır. Kreml bunu bildiyindən üzərimizə fərqli vasitələrlə hücum keçərək, nələrəsə nail olmağa çalışır. Lakin həmin “qatar çoxdan gedib”. İndi Azərbaycanla təhdid, şantaj və zor dilində danışmaq mümkün deyil. Necə ki, Moskva təxribata əl atıb, həmvətənlərimizin qətlini reallaşdıran kimi, Bakının sərt reaksiyasını gördü.
Kremlin öz adamları vasitəsi ilə bizə göndərdiyi mesajlar isə mahiyyət etibarı ilə heç nəyi dəyişmir. Onların ritorikaları, hədə-qorxuları da Bakı üçün ciddi məna və məzmun daşımır. Çünki Azərbaycan Rusiyadan fərqli olaraq, sabit, maraqlarını doğru-düzgün hesablayan, ciddi siyasi konyuktura qurmuş, habelə xalqına arxalanan bir ölkədir. Bunu 44 günlük Vətən Müharibəsi və Rusiyanın Yekatrinburq qətliamı da təsddiqlədi. Məlum oldu ki, mövqeyindən asılı olmayaraq, hər kəs Azərbaycanı Rusiyanın şantajlarından, hədə-qorxularından və təzyiqlərindən qorumağa hazırdır.
Bir sözlə, “Kohnə mahnılar” artıq dəbdən düşüb.
Fərda Uğur