“Seçim etmək və qərar vermək Dövlət Departamentinin öhdəsinə buraxılıb, lakin Konqres bu prosesə ciddi nəzarət edəcək ki, hökumət qanunun yanından keçməyə çalışmasın” Xəbər verdiyimiz kimi ABŞ Dövlət Departamenti Konqresin yeni sanksiya qanununun tələbinə uyğun olaraq Rusiya müdafiə sənayesinə aid 33 şirkətin siyahısını hazırlayıb. Rusiya hərbi-sənaye kompleksinin demək olar ki, bütün iri şirkətləri siyahıya salınıb. Politoloq Şahin Cəfərlinin sözlərinə görə sanksiyalara Rusiyadan silah alan ölkələri də məruz qalacaq: “ABŞ özü həmin şirkətlərin böyük əksəriyyətinə daha əvvəl sanksiya tətbiq edib. İnd bu şirkətlərlə iri sövdələşmələrə gedən başqa ölkələr və qurumlar da ABŞ-ın sanksiyasına məruz qalacaq. Burada bir az qeyri-müəyyənlik var, çünki Rusiya ilə konkret neçə milyon dollarlıq razılaşmanın sanksiya altına düşəcəyi məlum deyil, qanunda yalnız “iri tranzaksiyalar” yazılıb.
Seçim etmək və qərar vermək Dövlət Departamentinin öhdəsinə buraxılıb, lakin Konqres bu prosesə ciddi nəzarət edəcək ki, hökumət qanunun yanından keçməyə çalışmasın.Buradan belə nəticə hasil olur ki, Azərbaycan və Ermənistan da ABŞ-ın sanksiyasına məruz qala bilər, çünki hər iki ölkə Rusiyadan külli miqdarda silah alır. Eləcə də, Türkiyənin Rusiya ilə C-400 anlaşması da, reallaşacağı təqdirdə, sanksiya altına düşə bilər. Bir daha qeyd edim ki, bu məsələdə qeyri-müəyyənlik var və hansı məbləğdə anlaşmaların sanksiyaya məruz qalacağı bəlli deyil.
”Ekpertin fikrincə, ümumilikdə bu qanunu hazırlayan senatorların məqsədi Rusiya hərbi sənayesinə zərbə vurmaq və onu inkişafdan saxlamaqdır.Bu baxımdan Rusiya iqtisadiyyatının başqa sahələri ilə bağlı da analoji siyahılar hazırlanacaq.Politoloq Nəzakət Məmmədova isə TİA.AZ-a bildirdi ki, Türkiyə şirkəti hər hansı sanksiya ilə üzləşməyəcək: “Bu, mümkün deyil! Türkiyə ABŞ-ın sanksiya qərarına qədər müqavilə bağlayıbsa, artıq S-400 alan şirkətlərə qadağa tətbiq oluna bilməz.Türkiyə ABŞ-ı məhkəməyə verə bilər.Beynəlxalq hüquqda belədir. Türkiyə S-400 müqaviləsini bağlayanda qadağa yox idi, sonradan yaranan qadağa Türkiyəyə tətbiq oluna bilməz. Əgər qadağa olsaydı, Türkiyə onu pozsaydı başqa məsələ.Amma Türkiyə heç bir qadağanı pozmayıb, çünki həmin dövrdə bu qadağalar sadəcə mövcud deyildi.Bir nəfər hadisə törədir, azadlıqda gəzir. Həmin cinayətdən bir gün sonra belə onun törətdiyi əməl cinayət məcəlləsinə daxil edilirsə, o cinayətkar sayıla bilməz. Çünki o əməli torədəndə onun əməlində cinayət tərkibi yox idi.
Cinayət məcəlləsində həmin əməl cinayət törətdikdən sonra edilmişsə, qanun pozuntusu sayılır.Çünki qanunun geriyə qüvvəsi yoxdur. Dövlətlərarası münasibətlərdə də belədir. Türkiyə o müqaviləni Rusiya ilə bağlayanda ABŞ qadağalar tətbiq etməmişdi, Rusiyadan müəyyən silahlar alınmasına qadağa qoymamışdısa, demək Türkiyə heç bir qadağanı pozmuş sayılmaz.”Nəzakət Məmmədova bildirir ki, silah embarqosu Türkiyənin S-400 almasının ABŞ başda olmaqla NATO-nu narahat etdiyini göstərir: “ABS-ı narahat edən odur ki, Türkiyənin bu zenit-raket kompleksini alması başqa ölkələrə də, o cümlədən bölgə ölkələrinə və digər NATO üzvlərinə “pis nümunə” ola bilər. Bununla yanaşı, Rusiya və Türkiyə arasında münasibətlər getdikcə daha da yaxınlaşa bilər. Türkiyə NATO-dan uzaqlaşıb Avrasiya birliyinə istiqamətlənmiş xarici siyasət kursu yeridə bilər.
Ancaq Türkiyənin başqa çarəsi qalmamışdı, çünki hava hücumundan müdafiə sahəsi çox zəif idi, 1952-ci ildən NATO üzvü olmasına baxmayaraq, 65 il ərzində Türkiyə öz hərbi müttəfiqlərindən normal bir silah sistemi ala bilmirdi.Hətta Ərdoğanın şəxsi mühafizəsinə onun təhlukəsizlik xidmətinin təchizatı üçün atıcı silahlar almaq barədə layihəni Konqresdən keçirmək belə mümkün olmadığı halda, Türkiyə məcburdur ki, başqa ölkələrlə əməkdaşlıq etsin.
ABŞ isə silah satışına embarqo qərarı ilə hədəf olaraq Turkiyə-Rusiya hərbi-siyasi əməkdaşlığının inkişafının qarşısını almaq istəyir.”Politoloq xanım ABŞ-ın silah qadağası məsələsinin Azərbaycan və Ermənistanı əhatə edəcəyini məsələsi barədə də öz fikirlərini bildirdi.Onun sözlərinə görə sanksiyalar hər iki ölkədən knar keçəcək: “Çünki Ermənistan Rusiya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsində müttəfiqdir.Ermənistana qadağa tətbiq edilə bilmədiyi üçün Azərbaycana da tətbiq edilməyəcək. Çünki ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ munaqişəsi bölgəsində iki ölkənin paritet əsaslarla silahlanma hüququnu qəbul etmək məcburiyyətindədir. Rusiyanın silahlandırdığı, öz ordusunu birləşdirdiyi Ermənistan qarşısında İranla həmsərhəd strateji bölgədə olan Azərbaycanın zəif durumda qalması ABŞ-ın maraqlarına uyğun deyil. Üstəlik, Azərbaycan ABŞ-ın müttəfiqi olan İsraildən də silah alır.Azərbaycan ancaq Rusiya bazarından silah alsaydı ABŞ ona qadağa tətbiq edərdi. Türkiyə isə NATO üzvüdür və üzv ölkənin Rusiyadan zenit-raket kompleksi alması ABŞ-ı ciddi narahat edir.
Çünki bu, həm Türkiyənin bazar kimi itirilməsi, həm Rusiya ilə yaxınlaşması, həm də Yaxın Şərqdə ABS-ın planına qarşı Rusiya ilə birgə müqavimət göstərmək üçün daha da yaxınlaşmasına şərait yaradır.Yəni Türkiyə və Azərbaycan bu məsələlərdə ABŞ-ın nəzərində tamamilə fərqli mövqedə dayanan ölkələrdir.Ona görə də çox zaman olduğu kimi burada da ikili standartların tətbiqi mümkündür. Bəlkə də biz ilk dəfə olaraq bu ikili standartlardan əziyyət çəkməyəcəyik. Əksinə bizə heç bir zərəri olmayacaqdır.”
NÜŞABƏ
TİA.AZ