Kremlin Qarabağ ermənilərinə yardım göndərməsi Azərbaycana xoş olmayan mesajdır. Görünür, Kremldəkilərin Nikol Paşinyandan xoşları gəlməsə də, erməni separatizminə olan ümidlərini itirməyiblər.
Tribunainfo.az xəbər verir ki, bu barədə danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Kreml sahibi Vladimir Putinin tapşırığı ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi vasitəsilə Qarabağı tərk etmiş ermənilər üçün İrəvana 40 ton humanitar yardım çatdırmasının səbəbini başa düşmək olmur:
“Qarabağ ermənilərinin Rusiyadan göndərilən ərzağa, ədyala, yorğan-döşək dəstinə o qədərmi ehtiyacı var? Qarabağ erməniləri iki aya yaxındır bölgəni tərk edib və Ermənistanın müxtəlif bölgələrində yerləşiblər. Ermənistan hökuməti onlara maliyyə və ərzaq yardımı ayırıb. Üstündən bu qədər müddət keçdikdən sonra Kremlin Qarabağ ermənilərinə yardım göndərir.
Rusiya Birinci Qarabağ müharibəsi zamanı yurdunu tərk edən və ağır şəraitdə yaşayan yüzminlərlə azərbaycanlıya o illərdə yardım etdimi? Xatırlamıram. Kreml Qarabağ ermənilərinə yardım göndərməklə Fransadan və ABŞ-dan daha “irəli” getdi”.