Rusiyadan deportasiya – azərbaycanlılar ölkəyə necə qayıtsın?

Rusiyadan deportasiya – azərbaycanlılar ölkəyə necə qayıtsın?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu il yanvarın 1-dən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib. Bu qaydalara görə, Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gündür. Rusiyada miqrasiya sahəsində yeni qaydaların tətbiqi ilə əlaqədar bu ölkəni tərk etmək istəyən azərbaycanlılar ciddi problemlərlə üzləşiblər. 20-yə yaxın soydaşımız hazırda Mahaçqalada polis bölməsində saxlanılır. Belə ki, onların Rusiyada qalmaq icazəsi başa çatıb. Bir çox şəhərlərə uçuşların dayandırılması və quru sərhədlərin bağlı olması səbəbindən həmin şəxslər Azərbaycana qayıda bilmirlər.

Məlumatlara görə, eyni problemlə üzləşən soydaşlarımızın sayı minlərlədir. Qeyd olunur ki, Rusiya hüquq-mühafizə orqanları azərbaycanlılara təzyiq göstərir, onların ölkəni tərk etməsini tələb edirlər. Hava və quru yollarının bağlı olması isə buna imkan vermir.

Xatırladaq ki, bu il yanvarın 1-dən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib. Yeni qaydalara görə, Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gündür. Qeyd edilən müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.

 

Bundan əlavə, Azərbaycan vətəndaşı Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır.

 

Sərhədlə bağlı bu problem koronavirus zamanı da yaranmışdı. İndi hansısa variantla bunların həlli mümkünmü?

 

Təklif olunan variantlar arasında Azərbaycan və Rusiya hökumətləri arasında birbaşa əlaqələr vasitəsilə vətəndaşların qayıdışı üçün müvəqqəti mexanizmlər yaradılması qeyd edilir. Bu, xüsusi təxliyə reyslərinin təşkilini və ya sərhəd keçidləri üçün xüsusi koridorların açılmasını əhatə edə bilər. Belə hallarda Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi və konsulluqları aktiv şəkildə müdaxilə etməli, müvafiq hüquqi yardım və dəstək göstərə bilər. Eyni zamanda mövcud logistika çətinlikləri nəzərə alınaraq, çarter uçuşları təşkil oluna bilər. Bu, Mahaçqala və yaxın şəhərlərdən Azərbaycana uçuşların açılmasını və ya artırılmasını əhatə edə bilər. Yaxud müvəqqəti olaraq Azərbaycan-Rusiya sərhədində xüsusi keçid məntəqələri yaradılaraq, vətəndaşların avtobus və ya fərdi nəqliyyat vasitələri ilə yola düşməsi təmin edilə bilər. Azərbaycan vətəndaşlarına Rusiya qanunvericiliyinin tələb etdiyi miqrasiya prosedurlarını yerinə yetirmək üçün məsləhətlər verilməli, qeydiyyat üçün müvəqqəti hüquqi dəstək göstərilməlidir. Deportasiya riski altında olan şəxslər üçün güzəştlərin tətbiqi və müvəqqəti icazə müddətlərinin uzadılması məqsədilə Rusiya hökuməti ilə müzakirələr aparılmalıdır. Azərbaycan icmalarını məlumatlandırmaq üçün təcili proqramlar həyata keçirilməlidir ki, miqrasiya qanunvericiliyinin dəyişikliklərindən xəbərdar olsunlar və bununla bağlı problem yaşamadan əvvəl önləyici tədbirlər görə bilsinlər.

 

Millət vəkili, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Rusiya hökuməti yanvarın 1-dən miqrasiya sahəsində nizam-intizam yaratmaq üçün miqrasiya qanunvericiliyinə müəyyən sərtləşdirici elementlər tətbiq etməyə başlayıb. Bu sərtləşdirici elementlər bilavasitə ölkə ərazisində olma müddəti, sonrakı mərhələdə məktəblərdə təhsil alan uşaqların bir qayda olaraq rus dilində danışması və sairə ilə bağlıdır. Fevral ayından etibarən isə bir neçə struktur inzibati xəta törədənlərin ölkə ərazisindən çıxarılmasına dair qərar qəbul edə bilər. Bu da onu göstərir ki, Rusiya hökuməti ölkə ərazisində yaşayan miqrantlarla bağlı nizam-intizam yaratmaq üçün daha mütəşəkkil qaydada tədbirlər görmək istəyir. Beynəlxalq münasibətlər sistemində paritetlik və qarşılıqlılıq prinsipi mövcuddur. Yəni bu məsələdə qarşı tərəf hansı qaydaları tətbiq edirsə, digər dövlət də həmin ölkənin rezidentlərinə o qaydaları tətbiq etmək hüququna malikdir. Artıq Azərbaycanda da yanvarın 1-dən qəbul edilən yeni qaydaya əsasən Rusiya vətəndaşı ölkə ərazisində 90 gün qala bilər. Əgər həmin ölkənin vətəndaşı Azərbaycanda daha uzunmüddətli qalmaq niyyətindədirsə, 7 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əvvəl bu müddət 15 gün idi. Nəticə etibarilə yeni iki vacib tələb Rusiyada Azərbaycan vətəndaşlarına münasibətdə qüvvəyə minmiş qaydalara adekvat addımdır”.

 

Deputat dedi ki, Nazirlər Kabineti yanında müvafiq qərargah həmin şəxslərin quru sərhəddən ölkəyə daxil olmasının təmin edilməsi ilə bağlı qərar qəbul edə bilər:  “Bu məsələlər əsasən dövlət qurumları arasında aparılan müəyyən əlaqələndirmə işləri vasitəsilə öz həllini tapan məsələlərdir. Yəni quru sərhədlər tamamilə bağlıdır və bunlar daxil ola bilməzlər kimi bir yanaşma yoxdur. Çünki biz bilirik ki, zaman-zaman quru sərhədlər üzərindən Azərbaycan vətəndaşlarının ölkəyə girişi təmin edilir. Belə faktlar var. Pandemiyanın tüğyan etdiyi dövrdə tələbələrin Naxçıvan vasitəsilə Türkiyə üzərindən Azərbaycana girişi təmin edilmişdi. Həmçinin Gürcüstandan Azərbaycana vətəndaşlarımızın girişi də həyata keçirilmişdi. Bu məsələ də bu və ya digər formada həll edilə bilər.

 

İkinci bir yol- adətən belə bir praktika mövcuddur ki, əgər bir ölkənin ərazisində xarici ölkə vətəndaşı qanunsuz miqrant olaraq identifikasiya edilirsə və onun həmin ölkə ərazisində qalması üçün hər hansı bir əsas yoxdursa, o, mütləq deportasiyaya məruz qalır. Bu halda, deportasiya xərcləri əsasən həmin şəxsi aşkarlayan ölkə tərəfindən qarşılanır. Məsələn, Rusiya ərazisində aşkarlanmışsa, Rusiya tərəfi onun təyyarə ilə ölkəsinə qaytarılması üçün xərcləri təmin edir. Bu praktika beynəlxalq müstəvidə geniş şəkildə tətbiq olunan üsullardan biridir. Fikrimcə, Mahaçqalada saxlanılan vətəndaşlarla bağlı məsələ də bu iki üsuldan biri ilə həll edilə bilər”.

 

REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, Azərbaycan dövləti ölkə vətəndaşlarının dünyanın istənilən yerindən vətənə gətirilməsi üçün əməli addımlar atmalıdır. Əgər lazım gələrsə, quru sərhədlərin həmin şəxslərin üzünə açılması və onların ölkəyə daxil olmasına şərait yaradılmalıdır: “Bu vətəndaşlarımız Azərbaycan üçün təhlükə mənbəyi deyil. Əksinə, onlar Azərbaycan üçün hətta iqtisadi fürsət mənbəyidir. Çünki onların ölkəyə qayıtması, özləri ilə bir yatırım gətirməsi, kiçik-orta bizneslə məşğul olub, Qarabağa, işğaldan azad olunan rayonlara köçün tərkib hissəsi olması Azərbaycan üçün kifayət qədər üstünlüklər yarada bilər. Biz nədənsə bu məsələdən çəkinirik. Mənə elə gəlir ki, ilk öncə məsələyə yanaşmamızı dəyişməliyik. Rusiyadakı miqrantları təhlükə kimi yox, bir fürsət kimi görmək lazımdır”.