Ukraynada genişmiqyaslı müharibə davam edir və Rusiya Federasiyası Xarkov vilayətində yeni hücuma başlamaqla qarşıdurmanı açıq şəkildə kəskinləşdirib.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müavini, tanınmış diplomat Viktoriya Nuland “ABC News” telekanalına müsahibəsində deyib.
Nuland qeyd edib ki, Rusiyanın Xarkova endirdiyi zərbələr ABŞ-nin Ukrayna ordusuna Rusiyadakı hərbi bazalara zərbə endirməkdə kömək etmək vaxtının çatdığına dair siqnal oldu: “Düşünürəm ki, bunun vaxtı çatıb, çünki Rusiya açıq-aşkar müharibəni qızışdırıb, Ukraynanın cəbhə xəttində olmayan ikinci şəhəri Xarkova hücum edib və onu məhv etməyə çalışır”.
Nuland deyib ki, buna görə də onun fikrincə, “Rusiya daxilindəki bazaları vurmaqda ukraynalılara daha çox kömək etməyin vaxtı çatıb”. Nuland əlavə edib ki, bundan sonra Rusiya Federasiyasındakı hərbi bazalar qanuni hədəflər olmalıdır.