“Rusiyada qiyamın olacağını düşünmürəm”.
Bunu Qaynarinfo-ya siyasi şərhçi Qulamhüseyn Əlibəyli Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilovun Rusiyada “QKÇP” timsalında yeni qiyamın baş verəcəyi barədə fikirlərini şərh edərkən deyib:
“Təbii ki, Rusiyanın siyasi və hərbi elitasında Ukrayna ilə müharibəyə birmənalı baxış yoxdur. Bu, özünü vaxtaşırı hiss etdirir. Yaxınlarda “Vaqner”lə bağlı olan məsələ də qiyam amillərinin müəyyən dərəcədə mövcudluğunu bir daha göstərmiş oldu. Hesab edirəm ki, hazırkı şəraitdə Putin bütün situasiyalara tam şəkildə nəzarət etmək imkanına malikdir. Ona görə də indilikdə Rusiyada qiyam gözlənilmir. Ola bilsin ki, Putinin mövqeyinə qarşı ölkədə hansısa bir hərəkətlər baş versin. Amma bu hərəkətlərin bütövlükdə ölkənin dağılmasına gətirib çıxaracaq qiyamla yekunlaşacağını demək çətindir”.
Q.Əlibəyli hesab edir ki, hər halda zaman göstərir ki, hərbçilər və siyasi dairələrin böyük əksəriyyəti narazılıqlarını açıq şəkildə büruzə vermir, üstörtülü şəkildə müəyyən narazılıqlar üzə çıxır:
”Lakin gec-tez onlar hamısı sonda Putinin avantürasını dəstəkləyirlər. Sadəcə olaraq, “Vaqner”çilər kimi müəyyən hərəkətlər baş verə bilər”.
Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov Rusiyada yeni qiyam yarandığını, bunun da onun parçalanmasına gətirib çıxaracağını bildirib. Danilovun proqnozuna görə, Rusiyada yeni qiyamın baş verməsi qısa zaman işidir, proseslərə artıq start verilib.