“İlk “F-16” qırıcıları Ukraynada peyda olduqdan dərhal sonra işğalçılar onları “vurmağa” çalışacaqlar”.
Tribunainfo.az xəbər verir ki, bunu Ukraynadakı hakim partiyanın parlamentdəki fraksiyasının rəhbəri, Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü David Araxamiya yerli mətbuata açıqalmasında deyib.
Araxamiya Qərb qırıcılarının tədarükü məsələsindəki problemlərdən də danışıb. O, qeyd edib ki, artıq vəd edilən təyyarələrin sayı təlim keçmiş ukraynalı mütəxəssislərin – pilotların və mühəndislərin sayından iki dəfə çoxdur.
İkinci problem isə Ukraynada Qərb təyyarələrini yerləşdirə bilən aerodromların az olmasıdır: “Rusiya Federasiyası piar kampaniyası üçün ilk “F-16”-ları vurmağa çalışacaq. Bunun böyük bir “ov” olacağını başa düşürük”.
Araxamiya əlavə edib ki, Rusiya indidən həmin təyyarələr və onların yerləşdiyi nöqtələr ilə bağlı məlumat almaq üçün muzdlu agentlər axtarışındadır.