Ukrayna Silahlı Qüvvələrinin (USQ) qismən nəzarətində olan Kursk vilayətində sentyabr ayından bəri yerli sakinlərin tələb etdiyi humanitar dəhliz nəhayət açıla bilər. Bundan əvvəl Moskva və Kiyev bu məsələ üzrə razılaşmaq istəmədiklərinə görə bir-birini günahlandırırdı.
Qaynarinfo xəbər verir ki, çərşənbə axşamı Rusiya İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bu istiqamətdə işlərin artıq başladığını “İnterfaks”a bildirib.
“Biz bu məsələ ilə bağlı Ukrayna ilə ən sıx şəkildə, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə çalışırıq. Müsbət həllə ümid var”, – deyə o bildirib.
Bundan əvvəl Moskalkova dekabr ayında Ukrayna tərəfinə humanitar dəhlizin açılması ilə bağlı müraciət etdiyini iddia edib. Onun sözlərinə görə, döyüş bölgəsində qalan kursklular “adətən” zirzəmilərdə və ya isitilməyən dağıdılmış evlərdə yaşayır və onlara humanitar yardımın məqsədyönlü şəkildə çatdırılması mümkün deyil. Moskalkova əlavə edib ki, müxtəlif hesablamalara görə, bu ərazilərdə təxminən 2000 nəfər qalır, onların arasında əlillər və ahıllar da var.
Fevral ayında Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi Kursk vilayəti sakinləri üçün humanitar dəhlizin açılması ilə bağlı Rusiyadan rəsmi müraciət daxil olarsa, bu məsələdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişdi. Lakin indiyə qədər Kiyevə belə bir müraciət olunmadığını və Kremlin bu məsələyə həqiqətən maraq göstərdiyinə şübhə etdiklərini əlavə ediblər. Bundan qısa müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov humanitar dəhlizin yaradılmasının hərbi kanallar üzrə əlaqələrdən asılı olduğunu və bu cür əlaqələrin “ictimai formada həyata keçirilə bilməyəcəyini” demişdi.
Rusiya ilə razılığa gəlməyin mümkünsüzlüyü səbəbindən USQ Kursk vilayəti sakinlərini Ukraynaya təxliyə edib, oradan isə onları Belarus vasitəsilə yenidən Rusiyaya qaytarıb. Noyabrın 22-də Moskalkova bu sxemlə 46 nəfərin, o cümlədən 12 uşağın geri döndüyünü bildirmişdi.
Rusiya və Ukrayna orduları arasında Kursk vilayətində döyüşlər avqustun 6-dan bəri davam edir – həmin vaxt USQ hücuma keçərək iki həftə ərzində 100 yaşayış məntəqəsini və təxminən 1300 km² ərazini ələ keçirib. Regionda terrorla mübarizə rejimi və fövqəladə vəziyyət elan edilib. Yanvarın sonuna olan məlumata görə, Ukrayna qüvvələrinin nəzarətində təxminən 440 km² ərazi qalırdı. Kiyevin qiymətləndirməsinə görə, həmin ərazilərdə hələ də 1500-dən çox insan yaşayır.
Vladimir Putin dəfələrlə Ukrayna qüvvələrinin Rusiyanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulasa da, 2025-ci ilin yanvarından etibarən Kursk vilayətindəki vəziyyəti açıq şəkildə xatırlatmır. Bu isə həmin istiqamətdə çətinliklərin olduğunu göstərə bilər. Yanvarın əvvəlində USQ yeni hücuma cəhd edərək Berdin kəndi istiqamətində üç kilometr irəliləmiş, fevralda isə Sucanın cənub-şərqində – Mehnovka və Çerkasskaya Konopelka kəndləri yaxınlığında Rusiyanın müdafiə xəttini yararaq Kolmakov və Fanaseyevka kəndlərini nəzarətə götürüb.