“Rusiya-Türkiyə yaxınlaşması Azərbaycanın xeyrinədir”-EKSPERT RƏYİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Gümrüdəki hərbi iştirakını azalda bilər ki, bu da Ermənistanın Azərbaycanı bu vasitə ilə şantaj etməsinin qarşısını alar
 
 Ötən həftə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müxtəlif formatlarda təmaslar istisna edilmədiyini və bunun üzərində işlənildiyini bildirmişdi. Rusiya rəsmisinin bu fikrini politoloq Nəzakət Məmmədova TİA.AZ üçün belə şərh edib: “Ehtimal ki, Rusiya və Türkiyə dövlət başçılarının görüşü ərəfəsində bu cür bəyanatın səslənməsi Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda bundan sonra Türkiyənin rolunun artması mümkünlüyünü nəzərdə tutur.

Yəni, Rusiya BMT Təhlükəsizlik Şurasının digər daimi iki üzvü, eyni zamanda, Minsk qrupunun həmsədr ölkələri ABŞ və Fransa ilə bərabər, son dövrlərdə yaxın tərəfdaşlıq münasibətləri qurduğu digər regional böyük dövlət olan Türkiyənin də Qarabağ münaqişəsində bu və ya digər formada iştirak edə bilməsi ehtimalını mumkun variant kimi nəzərdən keçirib.Türkiyə və Rusiya son dövrlərdə siyasi, iqtisadi, hərbi, hərbi-texniki sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirib, Suriya və İraq məsələlərində oxşar mövqedən çıxış ediblər.

 Bütün bu amillər Qarabağ məsələsinin həllinə də müsbət təsir edə bilər. Ermənistan bu yaxınlaşmadan hamıdan çox, hətta ABŞ-dan və bəzi NATO ölkələrindən daha çox narahatdır.Çünki Türkiyə ilə Rusiyanın yaxınlığı Ermənistanın geosiyasi əhəmiyyətini Rusiya üçün azaldır. Nəticədə Türkiyə ilə yaxınlıq uzunmüddətli strateji əməkdaşlığa, hətta müttəfiqliyə çevrilirsə, Rusiya Gümrüdəki hərbi iştirakını azalda bilər ki, bu da Ermənistanın Azərbaycanı bu vasitə ilə şantaj etməsinin qarşısını alar.Lakin hazırkı şəraitdə belə Rusiya-Türkiyə yaxınlaşması Azərbaycanın xeyrinədir. Ərdoğanın Putinlə Qarabağ məsələsini müzakirə etmək üçün məxsusi olaraq Rusiyaya səfərə etməsi bu ümidləri artırır”

NÜŞABƏ