OSINT tədqiqatçısı Jompy, peyk görüntüləri və açıq mənbələr əsasında apardığı araşdırma nəticəsində bildirir ki, Rusiya ordusu Ukraynaya qarşı müharibədə zirehli texnika və artilleriya ehtiyatlarının 50%-dən çoxunu istifadə edib.
Tribunainfi.az xəbər verir ki, araşdırma əsasən anbarlarda və bazalarda saxlanılan texnikanın son vəziyyətini əhatə edir.
Məlumata görə, müharibədən əvvəl Rusiya ordusunun ehtiyatında 7 342 tank olub. Bunlardan 4 799-u döyüşə cəlb edilib, bu da o deməkdir ki, bazalarda cəmi 19% tank qalıb. Ən çox bərpa olunan modellər arasında T-80B/BV (1 409 ədəd), T-72B (1 251 ədəd) və T-62 (1 048 ədəd) yer alır. Daha müasir tanklar, o cümlədən T-90 və T-80U/UD, ya tamamilə istifadə olunub, ya da çox az sayda ehtiyatda qalıb.
Oxşar vəziyyət piyadaların döyüş maşınlarında da müşahidə olunur. Müharibədən əvvəl ehtiyatda olan 7 121 BMD-dən artıq 4 999-u istifadə olunub, bu isə cəmi 16%-in bazalarda qaldığını göstərir.
Artilleriya sistemlərinə gəlincə, Rusiya 23 602 artilleriya vahidindən 14 486-sını artıq müharibəyə cəlb edib, bu isə təxminən 39%-lik bir qalıq deməkdir. Xüsusilə reaktiv yaylım atəşi sistemlərinin (RSZO) ehtiyatları kəskin şəkildə azalıb. Məsələn, BM-30 “Smerç” sistemlərinin bütün ehtiyatları (29 ədəd), BM-22 “Uraqan”ların yarısı (234 ədəd) və BM-21 “Qrad”ların isə demək olar ki, hamısı (1 027 ədəd) artıq istifadəyə verilib. Bu sahədə ümumi ehtiyat səviyyəsi cəmi 18%-dir.
Bununla yanaşı, 11 198 zirehli transportyorun (BTR, BRDM, MT-LB və s.) 6 161-i döyüşlərdə istifadə olunub və ehtiyatda təxminən 39% qalıb.
Jompy-nin hesablamalarına əsasən, Rusiya artıq müharibədən əvvəlki ehtiyatların böyük hissəsini tükədib və bu, texnika baxımından ciddi çətinliklər yarada bilər. Xüsusilə müasir texnikanın ehtiyatlarda olmaması və köhnə modellərin döyüşə cəlb olunması Rusiya ordusunun resurslarının tükəndiyinə işarədir.
İmran Kərimli