Rusiya, Ukraynaya qarşı genişmiqyaslı müharibə dövründə sovet dövrünə aid hərbi texnikasının ehtiyatlarını demək olar ki, tükədib.
Tribunainfo.az Financial Times-ə istinadən xəbər verir ki, Kiyev İqtisad Məktəbinin (KSE) son araşdırmasına əsasən, Rusiya hərbi anbarlarından çıxan texnika və sursat miqdarı müharibədən əvvəlki səviyyəyə enib.
Texnika tükənir
Logistika göstəricilərinə görə, Rusiyanın əsas hərbi anbarlarından çıxan təchizat 2022-ci ildəki 242 min tondan 2025-ci ilin sonuna qədər 119 min tona düşəcək. KSE analitiki Pavel Şkurenko bu azalmanı ehtiyatların tükənməsi ilə izah edir:
“Rusiya artıq təmir bazalarının emal edə biləcəyindən daha az material göndərir,” – deyə o bildirir.
2022-ci ildən bəri Rusiya saxlanmış texnikanı, o cümlədən T-72, T-80 və hətta 1940-cı illərə aid T-54 tanklarını döyüşə cəlb edir. Lakin hərbi analitik Frans-Ştefan Qadiyə görə, bu azalma Rusiyanın döyüş qabiliyyətini itirməsi kimi qiymətləndirilməməlidir:
“Rusiya ordusu yeni ehtiyatların yaradılmasına ciddi vəsait xərcləyir.”
Xarici asılılıq artır
KSE-nin digər analizləri göstərir ki, Rusiya getdikcə daha çox xarici dəstəyə möhtac olur. 2024-cü ildə partlayıcı maddələrin 52%-i Şimali Koreyanın istifadə etdiyi Naxodka limanı vasitəsilə gətirilib. Müharibədən əvvəl bu limandan heç bir tədarük yox idi. Ümumilikdə, Şimali Koreyadan Rusiyaya 250 min ton yük göndərilib.
KSE analitiki Lukas Rayzinger qeyd edir:
“Bu, Rusiyanın nümayiş etdirməyə çalışdığı özünütəminli dövlət imicinə ziddir.”
Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanovun sözlərinə görə, Rusiyanın döyüş sursatlarının 40%-i Şimali Koreya mənşəlidir. Cənubi Koreyanın məlumatına əsasən, Şimali Koreya Rusiyaya 28 min konteyner silah, raket və hərbi texnika göndərib.
Qadi əlavə edir:
“Rusiya, Şimali Koreya sursatlarına əsaslanaraq Ukraynaya qarşı sabit hücum tempini saxlayır və öz yüksək keyfiyyətli ehtiyatlarını NATO ilə ehtimal olunan qarşıdurma üçün qoruyur.”
İran və Çin də səhnədədir
KSE həmçinin Rusiyaya 13 min ton partlayıcı maddənin İrandan gətirildiyini ehtimal edir. Rəsmi olaraq Çinin Rusiyaya ölümcül silah vermədiyi bildirilsə də, təhlillər Çinin Rusiya müdafiə sənayesinə əsas təchizatçıya çevrildiyini göstərir. 2021-ci ildən bu yana Çinlə sərhədyanı bölgələrdən Rusiyanın hərbi müəssisələrinə tədarük 3 milyon ton səviyyəsinə çataraq ikiqat artıb.
Rayzinger yekunlaşdırır:
“Çin Rusiyanın hərbi maşınının işlək vəziyyətdə qalması üçün lazım olan avadanlıq və komponentləri təmin edir.”
İmran Kərimli