Rusiyada elmin, xüsusilə tibb sahəsinin kadr bazası sürətlə azalır.
Tribunainfo.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə“Vedomosti” qəzeti məlumat yayıb.
Qəzetin Rosstat məlumatlarına əsasən apardığı təhlilə görə, son 15 il ərzində ölkə tibb sahəsində çalışan alimlərin dörddə birini itirib.
2024-cü ilə olan rəsmi göstəricilərə görə, Rusiyada tibbi elmlərlə məşğul olan cəmi 8 387 alim qalıb — bu, 2010-cu illə müqayisədə 27,2% azdır. Həmin dövrdə tibbi elmlər doktorlarının sayı 24,4% azalaraq 3 058 nəfərə, elmlər namizədlərinin (kandidatların) sayı isə 28,7% azalaraq 5 329 nəfərə düşüb.
Ekspertlər bu vəziyyəti həm maliyyə çatışmazlığı, həm də Rusiya-Ukrayna müharibəsinin elmi mühitə mənfi təsiri ilə əlaqələndirirlər. Bir çox gənc tədqiqatçı və həkim ya xaricə köçür, ya da elmi fəaliyyətdən imtina edərək özəl sektora keçir.
Piroqov Universitetinin rektorluğunun elmi katibi Olqa Dyomina bildirib ki, alim dərəcəsi olan tibb işçilərinə müəyyən əlavə ödənişlər nəzərdə tutulur, lakin bu məbləğ təşkilatın statusu və yerləşdiyi bölgədən asılıdır:
“Elmi dərəcələr həm mükafatların, həm də qrant və subsidiyaların təyinində nəzərə alınır. Lakin bu gün əsas motivasiya maaş deyil, peşənin nüfuzu, ixtisaslaşma və karyera imkanlarıdır.”
Ali İqtisad Məktəbinin (HSE) professoru Vasili Vlasov isə xatırladıb ki, sovet dövründə həkimin karyera yüksəlişi üçün namizədlik dissertasiyasını müdafiə etmək zəruri idi və bu, ciddi stimul sayılırdı:
“İndi isə bu tələblər aradan qalxıb, nəticədə elmi fəaliyyət həkimlər üçün artıq əvvəlki qədər cəlbedici deyil.”
Musavat.com










