Rusiya Rumıniyanın hava məkanını pozdu – F-16-lar havaya qaldırıldı

Rusiya Rumıniyanın hava məkanını pozdu – F-16-lar havaya qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr zamanı Rumıniya ərazisinin hava məkanının mümkün pozulması NATO-nu həyəcan vəziyyətinə gətirib.

Rumıniya Milli Müdafiə Nazirliyinin (MApN) verdiyi məlumata əsasən, Ukrayna sərhədinə yaxın bölgələrdə yaşayan əhaliyə Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) hücumlarının mülki obyektlərə təsir göstərə biləcəyi barədə xəbərdarlıq edilib.

Gecə saatlarında Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 döyüş təyyarəsi vəziyyəti yoxlamaq üçün 86-cı aviabazadan havaya qalxıb. Təxminən iki saat davam edən yoxlamalardan sonra təyyarələr bazaya geri dönüb. Bu müddətdə Fövqəladə Hallar Baş Müfəttişliyi Tulça əhalisinə təhlükəsiz yerlərə sığınmaları barədə xəbərdarlıq edib. Səhər saatlarında bu xəbərdarlıq statusu aradan qaldırılıb.

“MApN” qrupları Rumıniya sərhədinə yaxın Plauru bölgəsində dron hücumunun izlərini aşkarlayıb. Ərazi nəzarət altına alınıb, Müdafiə Nazirliyi, Kəşfiyyat Xidməti və Daxili İşlər Nazirliyinin ekspertləri hadisə yerində araşdırmalara başlayıb. Sübutların toplanması və istintaq tədbirləri davam edir.

Rumıniya Milli Müdafiə Nazirliyi Rusiyanın Ukraynadakı mülki obyektlərə hücumlarını qətiyyətlə pisləyib və bu hücumların beynəlxalq hüquqa zidd olduğunu bəyan edib.