44 günlük müharibədən sonra Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlıları bölgəni üçtərəfli sənədə görə 2025-ci ildə tərk etməli idi. Rus ordusunun belə asanlıqla bölgəni tərk etməsi maraq doğurur. Axı imperiya planlarına görə rus qoşunlarının regionda uzun müddət mövcudluğu hesablanmışdı.
Tribunainfo.az xəbər verir ki, görünür Rusiya Qarabağda sülhməramlı kontingenti saxlamağı əlavə xərc bilir. Ukrayna cəbhəsində hər gün milyonlar itirən Rusiyaya Qarabağda ordu saxlamaq, pul xərcləmək sərf etmir, əlavə xərcdir.
Ancaq politoloqların fikrincə, əsas məsələ proseslərin siyasi və strateji istiqamətləridir. Ukrayna müharibəsi başlamazdan iki gün qabaq Prezident İlham Əliyev Rusiyada həmkarı Vladimir Putinlə strateji müttəfiqlik bəyannaməsi imzalamışdı. Bu sənəd ikitərəfli strateji müttəfiqlik baxımından əhəmiyyətli bəyannamə hesab edilir.
Bunan başqa, Ukrayna cəbhəsi Türkiyə və Azərbaycanı Rusiya üçün əlahiddə bir tərəfdaşa çevirdi. Kreml onları itirmək istəməzdi. Elə Vilnusdakı NATO sammitində Ərdoğanın rus ordusunun Qarabağdan gedəcəyi tarixi yada salması da bu kontekstdə təsadüfi deyildi. Beləliklə də həm Moskva bəyannaməsi, həm Türkiyə-Azərbaycan faktoru Putin qoşunlarını Qarabağdan çıxarmağa vadar edən
siyasi amilə çevrildi.
Siyasi şərhçilərin fikrincə, Ermənistanın Rusiyanın üzünə ağ olması və Paşinyanın Qarabağın Azərbaycana aid olduğunu təsdiqləməsi faktını da gözardı etmək olmaz. Ekspertlər hesab edir ki, Paşinyan rus imperiyasının planlarını pozdu və Qarabağın statusunu müəyyən etdi. Bu da şübhəsiz ki, rus qoşunlarının Qarabağı tərk etməsini sürətləndirdi.
Təbii ki, əgər Ermənistan Qarabağ məsələsində Rusiyanın istəklərinə uyğun davransaydı, hazırda bölgədə ayrı mənzərə olacaqdı. Ancaq proseslər bizim xeyrimizə getdi və 2025-i gözləmədən biz rus sülhməramlılarını yola sala bildik.