Rusiya-Qərb toqquşması: NATO-nun Qafqaz planı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qafqazda son kartlarını oynayır. 

Rusiya Qafqazda son kartlarını oynayır.

Bu sözləri Axar.az-a Rusiyanın Cənubi Qafqazdakı son aktivliyini şərh edən eks-dövlət müşaviri Qabil Hüseynli söyləyib.

Politoloq bildirib ki, Rusiya NATO-nun Cənubi Qafqazda aktivləşməsindən narahatdır:

“Rusların Cənubi Qafqazda fəallaşmasının bir çox səbəbi var. Onlardan ən əsası NATO-nun Cənubi Qafqazda aktivliyini artırması amili dayanır. Məsələn, Gürcüstan ərazisində NATO-nun irimiqyaslı təlimləri keçirilir. Bu təlimlərin keçirilməsi ilə bağlı məlumat çoxdan yayılmışdı. İndi isə təlimlərin keçiriləcəyi yer, vaxt, eyni zamanda iştirakçı ölkələrin sayı da müəyyənləşib. Ən qəribəsi isə ondan ibarətdir ki, Ermənistan bundan əvvəl Rumıniyada keçirilən irimiqyaslı NATO təimlərində iştirakının ardından indi də Gürcüstanın Vaziani hərbi aeroduromunda keçiriləcək təlimlərdə iştirak edəcək. Artıq ABŞ-ın “Abrams” tankları və digər hərbi texnikaları Vaziani bölgəsinə gətirilib.

Ruslar NATO-nun genişlənməsindən həmişə çox narahat olublar. Çünki onlar iddia edir ki, Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan və Almaniyanın birləşdirilməsindən sonra guya NATO və RFSFR rəhbərliyi arasında şifahi razılaşma olub. Bu razılaşmada isə NATO-nun sərhədlərinin Şərqə doğru genişləndirilməsinin dayandırılacağı bildirilib. Lakin bu belə olmadı. Çünki Rusiyanın təsirindən xilas olan dövlətlərin demək olar ki, hamısı Polşa, Çexiya, Sloveniya, Baltikyanı ölkələr və s. NATO-ya üzv oldu. Bu da NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına şərait yaratdı. Məsələn, bu gün Ukrayna və Gürcüstanın gündəliyində duran əsas məsələ NATO-ya daxil olmaqdan ibarətdir. Gürcüstanın NATO-ya daha tez daxil olmaq imkanları var. Bugünədək Gürcüstanda ancaq qərargah təlimləri keçirilirdi, amma indi artıq hərbi şəraitə yaxınlaşdırılmış təlimləri də müşahidə edirik. Artıq bu təlimlərdə Rusiyanın təsiri altında olan dövlətlərdən Ermənistan da iştirak edir”.

Ekspert bildirib ki, Rusiya yaxınlığında NATO təlimləri artıq Moskvada çaşqınlıq yaradıb:

“Rusiya belə hesab edir ki, NATO artıq onun sərhədlərinə tam yaxınlaşıb və bundan çox narahat olur. Ona görə də Cənubi Osetiya ətrafından sərhədin 1 kilometr irəli çəkilməsi və bunun Ermənistana aparan yolun cəmi 1 kilometrliyində olması çox böyük narahatlığa səbəb olub. Çünki bununla bağlı olan digər bir problem də neft kəmərləri ilə əlaqədardır. Bakı-Supsa neft kəmərinin bir hissəsi rus qoşunlarının işğal etdiyi ərazilərdə qalıb. Bakı-Supsa neft kəməri Azərbaycanın iştirakı ilə tikilsə də, onun operatoru BP-dir. Bu neft kəməri BP-nin əmlakı hesab olunur. Bu nöqteyi nəzərdən ABŞ və NATO ölkələri bu məsələ ilə bağlı böyük narahatlıqlar keçirir və Rusiyanın sərhədlərinə yaxın ərazilərdə hərbi təlimlər keçirirlər. Bu təlim ruslarda xeyli çaşqınlığın yaranmasına səbəb olub”.

Q.Hüseynli Rusiyanın artıq sıxışdırıldığını və bölgədə son kartlarını oynadığını bildirib:

“Bununla paralel olaraq, ABŞ Rusiyaya qarşı yeni və ağırlaşdırılmış sanksiyaların tətbiq olunması ilə bağlı qərar çıxarıb. Yaxın günlərdə həmin sanksiyaların işə düşəcəyi deyilir. Rusiya bunu bəhanə edir ki, ABŞ-ın və NATO-nun bu addımları Rusiyanı iqtisadi böhran şəraitinə salmaq üçündür. Moskva həmçinin bir sıra postsovet ölkələrini (Baltikyanı ölkələr, Polşa, Ukrayna və Gürcüstanı) NATO-nun bu yerlərdə fəallıq yaratmasına yardım etdiyi üçün qınayır. Daha çox qınağa məruz qalan ölkə yenə də Gürcüstan və Ukraynadır.

Rusiya həmçinin Abxaziya ərazisindən keçən və Ermənistana gedən dəmiryol xəttinin Gürcüstandakı hissəsini bərpa edib, yararlı hala salmaq niyyətindədir. Amma Gürcüstan rəhbərliyi buna birmənalı qaydada yox deyir. Bunun əvəzində Rusiya Ermənistana gedən şosse yolunu açmaq istəyir və bu məsələ artıq gündəmə gəlir. Ona görə də Rusiyanın bölgədə son kartlarını oynadığını desək yanılmarıq. Artıq Rusiya-NATO, Rusiya-ABŞ qarşıdurması pik səviyyəyə çatıb”.

Ekpertin fikrincə, Qərbin Qafqazda aktivləşməsi Azərbaycanı Rusiya və NATO arasında seçim etmək məcburiyyətində qoyacaq:

“MKİ-nin planları sırasında Rusiyanın bütün sərhədləri boyunca hərtərəfli çəmbərə alınması siyasəti yer alır. Hazırda bu proses Baltik dənizindən Qara dənizə qədər olan bölgədə NATO hərbi heyətinin yerləşdirilməsi ilə davam etdirilir. Yəni Baltik dənizindən Qara dənizə qədər olan əraziyə Rusiyanın müqavimətini qıra biləcək güclü hərbi birləşmələr və texniki vasitələr yerləşdirilib. Amma MKİ çəmbərin sonadək davam edə bilməsi üçün bunun Orta Asiya respublikalarına qədər uzadılmasını planlaşdırır. Orta Asiyadan Uzaq Şərqə doğru olan ərazilər Çinin öhdəsinə veriləcək. Çünki Çin əhalisinin sayının artması, Çindən Rusiyanın Uzaq Şərqindəki ərazilərə insan axını artıracaq. Bu proses hazırda da gedir. Artıq Ural dağları ətrafında olan ərazilərdə belə Çin vətəndaşlarına çox rast gəlinir.

Orta Asiya, Cənubi Qafqaz məsələsində ABŞ fəal rol oynayacağını artıq bəyan edib və burada əsas məqsəd Cənubi Qafqazdan Rusiyanın çıxarılmasıdır. Belə ki, Rusiya ətrafında keçilməz mühafizə zolağının yaradılması nəzərdə tutulur. Fikrimcə, Azərbaycan balanslaşdırılmış siyasət həyata keçirməsinə, Rusiya ilə yaxın qonşuluq münasibətlərinin olmasına baxmayaraq, elə bir an gəlib çata bilər ki, o, seçim etmək məcburiyyətində qala bilər. ABŞ və NATO-nun bölgədəki aktivləşməsindən sonra Azərbaycanın bu proseslərdən kənarda qalması çox çətin olacaq. ABŞ belə hesab edir ki, Mərkəzi Asiyaya sahib olmaq Avrasiya materikinə sahib olmaq kimidir. Bu yolda isə Vaşinqton Azərbaycanı əsas vasitə kimi görür. Proseslərin gedişindən kənarda qalmaq mümkün olmayacaq. Azərbaycan hazırda Qərbdə böyük nüfuza malikdir və ölkəmizin geostrateji əhəmiyyəti hamıya məlumdur. Rusiya və Qərb dövlətləri də buna böyük əhəmiyyət verir. Əgər Rusiya və NATO qarşıdurması indiki kimi yüksələn xətt üzrə gedərsə, Cənubi Qafqaz və Mərkəzi Asiyada da NATO-nun təsir dairəsi kifayət qədər yüksələ bilər”