“Rusiya Polşaya hücumla ABŞ-ın planını reallaşdırdı” — ANALİZ

“Rusiya Polşaya hücumla ABŞ-ın planını reallaşdırdı” — ANALİZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya siyasəti 2025-ci ilin payızında yeni qarşıdurmaların və geosiyasi dəyişikliklərin astanasındadır.
Yaxın Şərqdə İsrail və Hizbullah arasında hərbi toqquşmalar genişlənməkdədir, BMT və ABŞ bölgədə atəşkəs səylərini davam etdirsə də, münaqişənin lokal xarakterdən çıxmaq təhlükəsi artır.
Eyni zamanda, Ukrayna–Rusiya müharibəsində diplomatik durğunluq hökm sürür — Qərb ölkələrinin silah dəstəyi zəifləyir, Rusiya isə yeni strateji təşəbbüslərlə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır.

Asiyada isə Çin və ABŞ arasında Tayvan və Cənubi Çin dənizi üzərində gərginlik yenidən yüksəlib. Vaşinqton regionda hərbi varlığını gücləndirir, Pekin isə öz təhlükəsizlik doktrinasını sərtləşdirir.

Qərb dövlətləri və ABŞ-ın Yaxın Şərq siyasətindəki ziddiyyətlər, xüsusilə İsrail məsələsindəki parçalanma yeni güc boşluğu yaradırmı?

Ukrayna–Rusiya müharibəsində diplomatik tıxanma davam edərkən, Avropada “sülh danışıqlarına dönüş” tələbi nə dərəcədə real görünür?

Rusiya və Çin arasında dərinləşən əməkdaşlıq Qərbin dünya nizamındakı dominant mövqeyini uzunmüddətli perspektivdə sarsıda bilərmi?

Mövzuyla bağlı Tribunainfo.az-a açıqlama verən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu suallarımızı cavablayıb.

“Qərb dövlətlərin Ukrayna və Yaxın Şərq məsələsi ilə bağlı ziddiyyətli siyasət yürütməsi təbii ki, “Kollektiv Qərb” anlayışını dəyişir. Hazırda, ABŞ ilə Aİ və Britaniya Ukrayna məsələsində tamamilə ziddiyyətli siyasət yürüdürlər. Xüsusən də, Ukrayna məsələsi ilə bağlı ABŞ-nin mövqeyi Rusiya ilə münasibətlərini normallaşdırmaq və beləliklə, həm də Rusiyanın Avropa İttifaqına təhdidini artırması ilə Aİ-nı ABŞ-nin təsiri altında saxlamağa nail olmaqdan ibarətdir. Bu mənada, düşünürəm ki, Rusiyanın Ukrayna ilə yanaşı, həm də NATO üzvü olan Polşaya hücumu təsadüfi deyil. Burada ABŞ-nin maraqlarının təmin olunması prosesini müşahidə edirik. Ona görə də, hazırda ABŞ, Aİ və Britaniya arasında kifayət qədər ziddiyyətli məqamlar var.

Politoloq ticarət dövriyyəsinə toxunaraq deyib:

“ABŞ həm də Çinlə Aİ arasında olan ticarət dövriyyəsinin artması ilə bağlı narahatlıqlarını ifadə edir. ABŞ bununla bağlı Avropa İttifaqına təzyiqlərini artrır”.

“Digər tərəfdən Ukrayna və Rusiya müharibəsi ilə bağlı fərqli yanaşmaların şahidi oluruq. Müharibə başladığı dönəmlə müqayisədə prioritetlər tamamilə fərqlidir. ABŞ Bayden donəmindən tamamilə fərqli siyasət yürüdür. ABŞ Aİ-ni öz təsiri altında saxlamağa tam nail olana qədər, Rusiyanın həm də Avropa İttifaqını təzyiq altında saxlamasında maraqlı görünür. Ona görə də Ukrayna-Rusiya müharibəsində xüsusilə sülh danışıqları ilə bağlı konkret nəticələrin əldə olunması ehtimalı hesab edirəm ki, tamamilə azdır.

ABŞ-Çin mövzusuna toxunan siyasətçi qeyd edib:

“ABŞ-nin narahat olduğu mövzulardan biri də Rusiya və Çin arasında əməkdaşlığın dərinləşməsidir. Tramp həmişə dəfələrlə deyib ki, “Baydenin yalnış siyasəti nəticəsində, ABŞ-nin maraqlarına ciddi şəkildə zərbə vuruldu”. Yəni, Tramp hesab edir ki, ABŞ-nin bir nömrəli problemi Çinlə iqtisadi savaşda qalib olma məsələsidir. Bu ABŞ üçün geosiyasi əhəmiyyət daşıyır. Və Tramp hesab edir ki, Baydenin dəstəyi ilə Ukrayna savaşının başladılması, Rusiya ilə Çin münasibətlərini yaxınlaşdırdı. Rusiya və Çini ittifaqa çevirdi. Ona görə də, hazırda Trampın yürütdüyü siyasət ondan ibarətdir ki, Rusiya ilə münasibətlər normallaşdırılsın. Yəni, Rusiyanın Ukraynadakı maraqlarına ABŞ zərbə vurmasın. Nəticədə, Rusiya ABŞ-nin Aİ ilə bağlı planlarına dəstək versin. Təbii ki, ABŞ-nin də məqsədi Çinlə iqtisadi savaşda Rusiyanın Çinin yanında yer almaması ilə bağlıdır. Amma yaxın perspektiv üçün bu kifayət qədər çətin görünür. Hazırdakı geosiyasi proseslər kifayət qədər mürəkkəbdir. Böhran getdikcə daha da dərinləşir”.

Dəniz Pənahova