Rusiya nümayəndə heyəti Ukrayna ilə hərbi münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbula gəlib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi aviasiya xidmətlərinə istinadən məlumat yayıb.
Danışıqların konkret saatı hələ müəyyən edilməyib. Gözlənilir ki, görüşlər Bosfor sahilində yerləşən Dolmabaxça sarayında – Türkiyə prezidentinin iqamətgahında keçiriləcək.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin 14 may axşamı İstanbulda Ukrayna tərəfi ilə keçiriləcək danışıqlar üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib. Heyətə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir.
Danışıqlarda Rusiya tərəfini həmçinin xarici işlər nazirinin müavini Mixail Qaluzin, Silahlı Qüvvələrin Baş Qərargah İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil edəcək.
Ekspert heyətinə isə Baş Qərargahın informasiya idarəsinin birinci müavini Aleksandr Zorin, Prezident Administrasiyasının humanitar sahə üzrə rəsmisi Yelena Podobreyevskaya, Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Anatoli Poliçuk və Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq üzrə Baş İdarəsinin müavini Vladimir Şevtsov daxildir.
Rusiya ilə Ukrayna arasında 2022-ci ildən bəri ilk birbaşa təmas olan bu danışıqlara başlamaq təşəbbüsü 15 may tarixində Prezident Vladimir Putindən gəlib. Ukrayna Prezidenti Vladimir Zelenski də Türkiyəyə gəlməyə razılaşıb və rusiyalı həmkarını da bu prosesə qatılmağa çağırıb.
Ukraynanın “Strana” nəşri Zelenskinin Türkiyəyə danışıqlarda iştirak etmək üçün yola düşdüyünü yazıb.
İmran Kərimli