Rusiyada gecə saatlarında 28 pilotsuz təyyarənin Krımın şərqinə hücum etdiyini bildiriblər.
Bu barədə işğal olunmuş Krımın qondarma “rəhbəri” Sergey Aksyonov məlumat verib.
Aksyonov bildirib ki, 9 PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, daha 19-u isə radioelektron yolla sıxışdırılıb. Eyni zamanda, Aksyonov pilotsuz təyyarələrin harada vurulduğunu dəqiq açıqlamayıb. Lakin dünən hücuma məruz qalan Krım körpüsü məhz Krımın şərqində yerləşir.
Daha sonra Rusiya Müdafiə Nazirliyi də Krım üzərində 28 PUA-nın olduğunu bildirib və pilotsuz təyyarələrin Ukraynaya məxsus olduğunu iddia edib.
“17 Ukrayna PUA-sı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Daha 11 PUA isə radioelektron təzyiqlə sıxışdırılıb və hədəfə çatmadan qəzaya uğrayıb”, – Rusiya MN-dən bildirilib.
Rusiya Müdafiə Nazirliyindən o da deyilib ki, hücum nəticəsində itki və dağıntılar olmayıb.