Rusiya kriminalının lideri azadlığa buraxıldı – “Şakro molodoy”un “qapısını açan” səbəb nədir?

Rusiya kriminalının lideri azadlığa buraxıldı – “Şakro molodoy”un “qapısını açan” səbəb nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya kriminal aləminin lideri sayılan “Şakro molodoy” ləqəbli tanınmış “qanuni oğru” Zaxari Kalaşov azadlığa buraxılıb. “AzPolitika” xəbər verir ki, “The Moscow Times”ın yazdığına görə, əvvəllər hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən Rusiya cinayət aləminin “kralı” Zaxari Kalaşov Krasnodar vilayətinin Ust-Labinsk məhkəməsinin qərarı ilə vaxtından əvvəl həbsxanadan azad edilib.

Qeyd olunur ki, Kalaşov Rusiya həbsxanalarındakı məhbusların Ukraynaya qarşı müharibəyə cəlb edilməsində aktiv rol oynayıb: “2018-ci ildə Kalaşov 9 il 10 ay müddətinə ciddi rejimli koloniyaya məhkum edilib. İş materiallarına görə, o, Rusiya cinayət dünyasının lideri adlandırılıb. Kalaşov “qanuni oğru” Aslan Usoyanın(Ded Xasan) ölümündən sonra kriminal aləmdə aparıcı mövqe tutub”.

“Gulagu.net” layihəsinin məlumatına görə, Kalaşov dustaqların Ukrayna ilə müharibəyə cəlb edilməsində xüsusi xidmət orqanlarına yardım edib. “Vaqner” bölmələrindən birinin keçmiş komandiri Andrey Medvedev hüquq müdafiəçilərinə bildirib ki, o, İstintaq Komitəsi əməkdaşlarının Krasnodar diyarındakı həbsxanaya gələrək, “Şakro molodoy”a necə “lüks şərait” təşkil etdiyini görüb. Bu, ondan ötrü olub ki, Kalaşov məhbusların müharibəyə cəlb edilməsini asanlaşdırmaq üçün digər cinayətkar liderlərlə danışıqlar təşkil etsin.

 

 

 

Qeyd olunur ki, Kalaşov 2018-ci ildən başlayaraq, xüsusilə külli miqdarda hədə-qorxu ilə tələb etmə ittihamı əsasında cəza çəkir. İşlə bağlı 14 nəfər zərərçəkmiş kimi tanınıb. Belə ki, 2015-ci ilin dekabrında Moskvada “Elements” restoranının yaxınlığında atışma olub. Məhkəmənin müəyyən etdiyi kimi, cinayətkar qrup Şakronun göstərişi ilə restoran sahibi Janna Kimdən səkkiz milyon rubl tələb edib. İstintaq nəticəsində bir neçə cinayət işi başlanıb, o cümlədən rüşvət almaqda təqsirləndirilən İstintaq Komitəsinin əməkdaşlarına qarşı da cinayət işi açılıb.

Qeyd olunur ki, iş üzrə təqsirləndirilən şəxslərdən biri, İstintaq Komitəsinin daxili təhlükəsizlik şöbəsinin keçmiş rəisi Mixail Maksimenko 2023-cü ildə cəza çəkdiyi koloniyada dünyasını dəyişib.

2016-cı ildə həbs olunmazdan əvvəl Kalaşov üç dəfə Rusiyada, 2008-ci ildə isə İspaniyada çirkli pulların yuyulmasında təqsirli bilinib. Bundan əlavə, Gürcüstan “Şakro molodoy”un ekstradisiyasını tələb edib. Ona qətl cinayətinə görə qiyabi olaraq 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

 

 

 

Xəbərdə qeyd olunur ki, Krasnodar məhkəməsi qapalı iclasda 70 yaşlı “Şakro molodoy”un “tibbi səbəblərə görə” şərti azadlığa buraxılmasına qərar verib. Əgər bu qərar çıxarılmasaydı, “qanuni oğru” 2027-ci ilə qədər həbsdə qalmalı idi.

Açıq mənbələrə görə, Zaxari Knyazeviç Kalaşov 1953-cü il martın 20-də Tbilisidə anadan olub. Yezidi kürd ailəsindəndir. O, üç dəfə məhkum olunub. Onun həyatına ən azı on dəfə sui-qəsd cəhdi edilib.

Onu da əlavə edək ki, Rusiya qanunvericiliyindəki dəyişikliklərə görə, kriminal ierarxiyada yer tutduğu təsdiqlənən istənilən kriminal avtoritetə qarşı həbs qətimkan tədbiri seçilə və o, uzun müddətə həbsxanaya atıla bilər. Lakin, məlum olur ki, Ukrayna müharibəsinə dustaqların cəlb edilməsində göstərdiyi “xidmətlər” Kalaşovu bu məsuliyyətdən və ümumiyyətlə, həbsdən azad edib.

Göründüyü kimi, Ukrayna müharibəsi Rusiya həbsxanalarında çoxlarının “qapısını açıb” və sıra artıq kriminal aləmin liderinə də çatıb.