Rusiya iki həftəyə 1300-ə yaxın hərbçi itirib – 14 yüksək rütbəli zabit həlak olubbackend

Rusiya iki həftəyə 1300-ə yaxın hərbçi itirib – 14 yüksək rütbəli zabit həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araşdırmaçı jurnalistlər açıq məlumatlara əsaslanaraq, Ukraynanın işğalında iştirak edən 37 052 rus əsgərinin ölümünü təsdiqləyə biliblər.

Tribunainfo.az xəbər verir ki, hesablamada yerli hakimiyyət orqanları və həlak olanların yaxınları tərəfindən dərc edilmiş nekroloqlardan, qəbiristanlıqlardakı yeni məzarların adlarından və regional medianın xəbərlərindən istifadə edilib.

Müharibə başlayandan bəri araşdırmalar “Mediazona” və “BBC Rus Xidməti”nin redaktorları tərəfindən aparılır. Bundan əvvəlki rəqəmin dərcindən sonra iki həftə ərzində təsdiqlənmiş itkilərin sayı 1272 nəfər artıb. Payızda hərbçilərin ölüm xəbərləri 25-38 faiz daha çox gəlir, tədqiqatçılar bunu rus ordusunun tutmağa çalışdığı Donetsk yaxınlığındakı Avdeyevka bölgəsində gedən şiddətli döyüşlərlə əlaqələndirirlər.

Tədqiqatçılar qeyd edirlər ki, iki həftə ərzində polkovnik-leytenant və ondan yuxarı rütbəli 14 baş zabitin cəbhədə həlak olduğu məlum olub. “Mediazona” qeyd edir ki, Rusiya yalnız ötən ilin yayında yüksək rütbəli zabitlər arasında eyni dərəcədə itki verib. Redaktorlar bunu Ukrayna hərbçiləri tərəfindən Amerikanın ATACMS taktiki raketlərini əldə etməsi və Ukraynanın mövqelərinə çoxsaylı hücum cəhdləri ilə əlaqələndirirlər.

Rusiya hərbçiləri arasında ölənlərin ümumi sayı, yəqin ki, dəfələrlə çoxdur. Ötən ilin fevralından Rusiyada hərbi senzura tətbiq edilir, güc strukturlarının itkiləri ilə bağlı məlumatlar məxfi hesab olunur və bu barədə məlumat verilmir.

“The New York Times” yazır ki, Ağ Evdəki mənbələr avqust ayında Rusiya hərbçilərinin ölənlərinin ümumi sayını 120 min olaraq qiymətləndiriblər.