“Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinə qarşı cinayət işi bağlanmayıb. Bu, Kremlin Priqojinlə şənbə günü elan etdiyi razılaşmanın əsas şərtlərindən biri idi, bundan sonra silahlı üsyan dayandırıldı.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Kommersant”, “RİA Novosti” və TASS mənbələri bildiriblər.
İyunun 26-da səhər saatlarında ilk olaraq “Kommersant” FSB-dəki mənbəyə istinadən xəbər verib ki, Priqojinə qarşı silahlı üsyanla bağlı cinayət işinin xüsusi xidmətin istintaq şöbəsi tərəfindən araşdırılması davam edir.
Bir saat sonra “RİA Novosti” və TASS Baş Prokurorluqdakı mənbəyə istinadən bu məlumatı bir dəqiqəlik fərqlə təsdiqləyiblər.
Qeyd edək ki, Yevgeni Priqojin hərbi qiyam başlayandan bir gün sonra, iyunun 24-də axşam Moskvaya doğru 800 km yol qət edən döyüşçülərini dayandırdı. O, bu qərarı Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirak etdiyi danışıqlardan sonra verib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha sonra bildirib ki, danışıqların nəticələrinə görə Priqojinə qarşı işə xitam verilib, “Vaqner” döyüşçüləri səhra düşərgələrinə qayıdıb, Priqojinin özü isə Belarusa gedəcək.