Ötən gün Rusiya Müdafiə Nazirliyinin rəsmi “Ulduz” telekanalında, “Veronika Kraşeninnikova ilə Proqnozlar” proqramında aparıcı rəsmi Yerevanı Avropa Birliyi ilə əməkdaşlıq haqqında razılaşmanı imzalamaq istəyinə görə sərt tənqidə məruz qoyub Ötən gün Rusiya Müdafiə Nazirliyinin rəsmi “Ulduz” telekanalında, “Veronika Kraşeninnikova ilə Proqnozlar” proqramında aparıcı rəsmi Yerevanı Avropa Birliyi ilə əməkdaşlıq haqqında razılaşmanı imzalamaq istəyinə görə sərt tənqidə məruz qoyub.Bundan başqa, verilişin müəllifi Hitler Almaniyasının muzduru, Serj Sarkisyan hökuməti tərəfindən övliyalar sırasına daxil edilmiş başıbəlalı faşist Qaregin Njdenin rolundan danışaraq, erməni faşizminin mənbələrinə müraciət edib.Bundan başqa erməni mətbuatında Rusiya xarici işlər naziri Lavrovun Ermənistana səfəri də də birmənalı qarşılanmayıb. Erməni şərhçilərə görə Rusiya Ermənistanın son addımlarından narahatdır. Politoloq Nəzakət Məmmədova da bu iki müttəfiq dövlət arasında siyasi böhran yaşandığı qeyd edir.
Xanım politoloq TİA.AZ üçün bu münasibətləri belə şərh etdi: “Rusiya ilə Ermənistan arasında münasibətlər son günlər xeyli gərginləşib.Eyni zamanda yüksək səviyyədə diplomatik təmaslar da xeyli intensivləşib. Baxmayaraq ki, iki ölkə də bunu humanist adlar altında gizlətməyə çalışırlar. Sarkisyanın Moskvaya səfəri Rusiyada Ermənistan mədəniyyəti günləri, Lavrovun Yerevana səfərinin isə iki ölkə arasında diplomatik münasibətlərin 25 illik yubileyinə həsr olunduğu bildirilir. Lakin burada diqqətçəkən daha mühüm məsələ noyabrın 24-də Brüsseldə Avropa Birliyi ilə Ermənistan arasında “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əhatəli və genişləndirilmiş tərəfdaşlıq haqda razılaşmanin imzalanması ehtimalıdır. Bu razılaşmanın imzalanması əlbəttə ki, Rusiyanın maraqlarına böyük zərbə olardı. Odur ki, Moskva Ermənistana hərtərəfli təzyiqlərini artırıb. Ermənistan 4 il əvvəl də Rusiyanı belə bir sənədi imzalamaqla təhdid etmiş, əvəzində xeyli güzəştlər qoparmağa nail olmuşdu.İndi də eyni ssenari təkrar olunur və ehtimal ki, Sarkisyan 2018-ci ilin mart ayında seçkilərdə Moskvanın dəstəyini almaq üçün bu vəziyyətdən istifadə edəcək, lakin son məqamda 2013-cu ildə olduğu kimi Brüsseldə sənədi imzalamaqdan imtina edəcəkdir.Lavrovun əvvəlcə Bakıya, sonra isə Yerevana səfəri də bununla birbaşa bağlı ola bilər. Çox güman ki, Yerevan Moskvaya Avropa Birliyi ilə saziş imzalaya biləcəyi, Moskva isə belə olduğu halda Qarabağ məsələsində öz əvvəlki mövqeyini dəyişərək Azərbaycanı dəstəkləyə biləcəyi mesajı verir.
Avropa Birliyi ilə Ermənistan arasında imzalanması nəzərdə tutulan sənəd layihəsində bir sıra müddəalar vardır ki, bunlardan Azərbaycanın və bölgənin təhlükəsizliyi üçün ən vacib olanları Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu, ATƏT-in Yekun Aktı, BMT Nizamnaməsinə uyğun həllinin vacibliyi və Metsamor AES-in fəaliyyətinin dayandırılması çağırışlarıdır.Lakin Qarabağ məsələsində Ermənistanın mövqeyi həm cəbhə xəttində, həm diplomatik müstəvidə aydındır. Eləcə də, işğalçı ölkə Rusiyadan böyük kredit alaraq AES-in fəaliyyətini davam etdirməkdədir.Ehtimal olunan budur ki, Ukraynadakı hadisələrdən sonra Ermənistan “gözü çıxmış qardaşından dərs götürərək” Avropa Birliyi ilə razılaşmanın imzalanması vaxtını müxtəlif bəhanələrlə uzadıb vaxt qazanmağa çalışacaqdır. Ölkədə qarşıdan seçkilərin gəlməsi bu ehtimalı daha da artırır. Umumiyyətlə, Ermənistan rəhbərliyi həll edə bilmədiyi məsələləri uzatmaqla vaxt udmaq siyasətini əsas xətt kimi götürür. Qarabağın gec tez qaytarılmalı olduğunu başa düşərək danışıqları uzatmağa çalışdığı kimi, Avropa Birliyi ilə sazişin vaxtını da uzatmaqla proseslərdə ikili oyun aparmağa çalışır. Lakin Rusiyanın öz vassalına həddini bildirmək zamanı gəlib çatıb və Lavrovun səfəri də Bakıdan dəstək alaraq Yerevana növbəti dəfə həddini bildirmək üçün diplomatik münasibətlərin 25 illiyini qeyd etmək üçün tədbirlərdə iştirak görüntüsü altında, növbəti “diplomatik” zərbə vurmaq məqsədi güdür.”
NÜŞABƏ
TİA.AZ