Avropa Birliyi ölkələri artıq Rusiyadan çox cüzi qaz alır və ondan da tam imtina etməyə hazırlaşır. Rusiya neftinə barelə görə 60 dollar tavan qiymət tətbiq edilib, bu da neftin qiymətini aşağı saxlamağa və Rusiyanı öz neftini ucuz və sərfəli olmayan şərtlərlə satmağa məcbur edir. Bu şəraitdən sui-istifadə edib Rusiya ilə sözün əsl mənasında məzələnən ölkələr də var.
Tribunainfo.az xəbər verir ki, bu barədə iqtisadçı Zöhrab İsmayıl yazıb. O bildirib ki, Çin təbii resurslara görə Rusiyaya ödənişləri yuan ilə ödəyir və yuan hazırda dünyaya ağalıq etmək iddiasında olan Rusiyada əsas xarici valyutalardan birinə çevrilir:
“Hindistanla bağlı durum isə daha mürəkkəb və gülməlidir. Onlar uzun müddət aldıqları neftin pulunu rupiləri ilə ödədilər, amma pulları Rusiyaya çatdırmaq mümkün olmadı. Səbəb çox sadədir, rupinin yuan kimi xaricə ödənmə sistemləri yoxdur.
Danışdılar ki, pulları ruslara Hindistanda ödəsinlər. Ödədilər də bir müddət, amma Rusiya şirkətləri bu pullarla bir şey edə bilmədi. Ya yenə Hindistan iqtisadiyyatına investisiya etməli, ya da hansısa məhsullar alıb aparmalı idilər. Yəni gərək həmin pullara düyüdən, çaydan alıb aparıb Rusiyada satardılar, bu da nə onların işi deyildi, nə də sərfəli ola bilərdi.
Daha sonra razılaşdılar ki, hindlilər yuanla ödəsinlər. Bir müddətdən sonra isə Hindistan buna gedə bilməyəcəklərini bildirdi. Çünki yuanla ödəməni özləri üçün beynəlxalq ödəmə sisteminə çevirmək istəmədilər. Həm geosiyası ziddiyyətlər, həm də ölkədə rəqibin valyutasına əlavə tələbat yaratmaq baxımından bu Hindistana sərf etmədi.
Sonda razılaşdılar neftin pulu Birləşmiş Ərəb Əmirlikləri dirhəmi ilə rus şirkətlərinin bu ölkədəki hesablarına köçürsünlər. İndi də nefti alan dövlətə məxsus Hindistan Neft Şirkətinin (IOC) BƏƏ-də dirhəmlə hesab açmaq problemləri yarandığından pulları yenə ödəyə bilmirlər”.
Ekspert bildirib ki, Qərbin sanksiyaları genişləndikcə, bankları üçün SWIFT söndürüləndən sonra Rusiya xarici ticarət aparmaqda, təbii resurslarını satmaqda ciddi problemlər yaşayacağına çoxları inanmırdı:
“Bəziləri BRICS ölkələrinin ortaq valyutalarının dövriyyəyə buraxılmasının çox yaxında olduğunu və bunun da dolları sıxışdıracağını iddia edirdi. Ortada hələ bir şey görünmür. Bu yay BRICS sammitində bu məsələ heç gündəliyə də çıxarılmadı”.