Asiyada artıq Rusiyanı sayan yoxdur. Hətta Asiyanın böyük ölkələri də Rusiya məsləhətləşmir. Çin rəhbəri Si Cinpin ABŞ prezidenti Co Baydenlə son görüşündə dediyi fikirlər də bunu təsdiq edir. O bildirdi ki, Yer planeti iki ölkənin uğur qazanması üçün kifayət qədər böyükdür.
Tribunainfo.az xəbər verir ki, bu barədə danışan isveçrədə yaşayan jurnalist Elbəyi Həsənlinin sözlərinə görə, Çin daha Rusiyanı özündən arxada qalan tərəf kimi görür və hesab edir ki, hazırda dünyada ABŞ və Çin dominantlıq edir.
Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Kreml indi də NATO-nun Asiyaya daxil olmağa çalışdığını iddia edir və bundan qorxuya düşüb. Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yuxia ilə görüşdə deyib ki, NATO öz coğrafi miqyasını genişləndirməyə və Asiyaya daxil olmağa çalışır. Putinin məqsədi aydındır. Kreml sahibi müxtəlif məkanlarda NATO ilə mübarizə aparmaq gücündə deyil:
“Rusiya Ukrayna ilə müharibəni davam etdirərkən, tərəfdaşı Çinin də Şimali Atlantika Bloku üzvləri ilə Asiyada mübarizə aparmasını istəyir.
Misal üçün Rusiya prezidenti Pekinin xoşuna gəlsin deyə, “ABŞ Asiya-Sakit okean regionunda gərgin vəziyyət yaradır” fikrini tez-tez işlədir. Kreml sahibinin sözlərinə görə, ABŞ NATO ölkələrini Asiya-Sakit okean regionunda gərgin vəziyyət yaratmaqla yanaşı həmin bölgədə yeni hərbi-siyasi ittifaqlar formalaşdırır”.
E.Şahinoğlunun fikrincə, nə qədər yaxınlaşma olsa da ABŞ-la Çinin bir-birinə inamları yoxdur. Bu iki ölkə arasında kiçik olay böyük qığılcıma səbəb ola bilər.