Rus politoloq zarafatımızı ciddiyə alıb: “Azərbaycana 50 min Pakistan əsgəri gətiriləcək”

Rus politoloq zarafatımızı ciddiyə alıb: “Azərbaycana 50 min Pakistan əsgəri gətiriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Politoloqlar Cəmiyyətinin Analitik Mərkəzinin direktoru Andrey Serenko gülməli iddia ilə çıxış edib.

Tribunainfo.az xəbər verir ki, o, azərbaycanlıların sosial şəbəkələrdə “Pakistan 100 min əsgər, kolxozçu, futbolçu və sairə göndərəcək” zarafatını ciddiyə alıb,
O özünün Telegram kanalında yazıb ki, guya, Pakistandan olan silahlılar Azərbaycana köçürülməyə hazırlaşır. “Pəncab və pakistanlı puştunlar arasından 50 minə qədər yaraqlı Pakistandan Azərbaycana muzdlu kimi göndəriləcək. Köçürülmənin Əfqanıstan və Türkmənistan vasitəsilə həyata keçirilməsi planlaşdırılır”.

Serenkonun iddiasına görə, guya “Azərbaycan layihəsi”ndə iştirak edən 500-dən 1000-ə qədər silahlı pakistanlı döyüşçü Əfqanıstana hər gün soxulur. “Bu yaraqlılar Pakistanın İdarələrarası Kəşfiyyatının yardımı ilə təlim keçir. Təlimatçılar kimi, Əfqanıstan bölgələrində Azərbaycan Ordusunun hərbi geyimli hərbi qulluqçuları var. Əsasən puştunların məskunlaşdığı Əfqanıstanın cənub-şərqi və şimal-qərbində”.

O daha sonra bir qədər də irəli gedərək, iddia edib ki, Türkiyə və İsrail kəşfiyyat xidmətlərinin köməyi ilə pakistanlı muzdluların Azərbaycana sonrakı köçürülməsi planlaşdırılır. “Bir yaraqlının daşınmasının dəyəri 3 min dollar qiymətləndirilir”.

Rus politoloq onu da vurğulayıb ki, həmin “pakistanlılara” ayda maaş da verilir. “Mənbələr iddia edir ki, bir pakistanlı yaraqlının aylıq məvacibi 1500 dollardır. Komandirlər-Penjabtsev 2500 dollar alır. Muzdlu əsgərlər toplayan Pakistan və Əfqanıstan Talibanı arasından vasitəçilərə komissiyalar Türkiyə xüsusi xidmət orqanları tərəfindən Azərbaycana 750 dollar həcmində verilir. Eyni mənbələr iddia edir ki, Türkiyə də 2000-ə qədər pakistanlı muzdlu əsgəri əlavə və daha dərin hərbi və dəniz təlimləri üçün köçürmək niyyətindədir”.

Serenko daha sonra bildirib ki, Türkiyə Taliban hərəkatının Rusiya tərəfindən tanınmasından narahatdır. “Çünki Moskva pakistanlı muzdluların Azərbaycana keçməsinin qarşısını almağa çalışır. Rusiya Orta Asiyada türklüyün böyüməsindən qorxur və bu, onun təhlükəsizliyini təhdid edir və Türkiyə pantürkist ekspansiyanın mərkəzidir”.

Rus politoloq sonda bu məsələni belə izah edib: “İsrail rejimi Əfqanıstan və Azərbaycan üzərindən İrana qarşı dağıdıcı partizan quru müharibəsi başlatmağı planlaşdırır. Mənbələrə görə, 50 min Pakistanlı muzdluların hamısı Əfqanıstandakı bütün təlim kursunu bitirməli və sonra 2026-cı ilin yazının əvvəlində tamamilə Azərbaycana köçürülməlidir”.

P.S. Serenko həqiqətən politoloqdursa, o zaman onun əqli problemləri var. Ən azından ona görə ki, belə bir şeyin mümkün olmamasını yaxşı bilməli idi. Əvvəla Azərbaycanın özünün yeərli qədər güclü Ordusu var və bu kifayət edir. İkincisi, Azərbaycan heç bir şəkildə və halda İrana qarşı müharibədə iştirak etmək fikrində deyil. Bu mahiyyət baxımından da mümkün görünmür. Çünki cənub sərhədlərimizdə yaşayanların hamısı azərbaycanlılardır.

Bəllidir ki, rus politoloq bu açıqlaması ilə İranla Azərbaycan arasında gərginlik yaratmağa çalışır. Bu təlimatı da Kremldən aldığı şübhə doğurmur. Amma Serenko anlamır ki, belə təxribatlar bizə keçməz.

Fərda Uğur