Etibar Əliyev: “Rus dilinin tədris üçün universal dil olduğunu nəzərə alıb, ona məhdudiyyət qoyulmamalıdır”; Məlahət Mürşüdlü: “Ali məktəblərdə tədris materiallarının çoxunun rus dilində olması tələbələrin qarşısında bir çox çətinliklər yaradır”
Etibar Əliyev: “Rus dilinin tədris üçün universal dil olduğunu nəzərə alıb, ona məhdudiyyət qoyulmamalıdır”; Məlahət Mürşüdlü: “Ali məktəblərdə tədris materiallarının çoxunun rus dilində olması tələbələrin qarşısında bir çox çətinliklər yaradır”
Təhsil naziri Mikayıl Cabbarov “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə əmr imzalayıb. Əmrə əsasən ölkənin 50 ümumi təhsil müəssisəsində rus dili tədris ediləcək.
Sənəddə “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi, həmin müəssisələrdə tədris prosesinin təşkili və tənzimlənməsini təmin edilməsi nəzərdə tutulub. Əmrə əsasən, 2017-2018-ci dərs ilində Bakının 3, 12, 13, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 250, 257, 263, 265, 272, 274, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli tam orta məktəblər, 20 nömrəli məktəb-lisey və 43 nömrəli məktəb-lisey kompleksi, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri Texniki-humanitar liseyi, Sumqayıt şəhər 11 nömrəli, Şirvan şəhər 3 nömrəli, Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli, Şəki şəhər 5 nömrəli, Şamaxı şəhər 6 nömrəli, İsmayıllı rayonu Talıstan kənd, Zaqatala rayonu Əli Bayramlı kənd, Tovuz rayonu Ağbulaq kənd, Quba rayonu Əliməmmədoba kənd, Qusar rayonu Ləcət kənd, Masallı şəhər 2 nömrəli, Lənkəran rayonu Havzava kənd, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərinin I-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsi davam etdiriləcək.
Xatırladaq ki, bir zamanlar rus dilinin tədrisi tamamilə azaldılmışdı. O zaman bu qərar çox müzakirələrə səbəb olmuşdu. İndi yenidən bu dilin tədrisi haqqında qərar qəbul edilməsi bir sualı ortaya qoyur ki, buna ehtiyac vardımı?
Bir çox mütəxəssislər düşünür ki, rus dilinin orta məktəblərdən çıxarılması qərarı əvvəldən yanlış olub. Çünki ali məktəbdə tələbələr üçün lazım olan ədəbiyyatların çoxu rus dilindədir. Rus dilini bilməyən tələbələr isə bu ədəbiyyatlardan faydalana bilmirdi.
“XXI Əsr Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev rus dilinə bu gün ehtiyac olduğunu dedi: ”Sovet dövründə rus dilli məktəblərin sayı çox idi və bu dövrdə rus dilinə maraq da böyük idi. İstənilən karyera dirçəlişində rus dilini bilmək zəruri sayılırdı. Sovetlər dağılandan sonra bunu ingilis dili əvəz etdi. Amma buna baxmayaraq, nazirin qərarını düzgün hesab edirəm. Çünki rus dilində bütün elm sahələri üzrə geniş çeşidli ədəbiyyatlar tərcümə olunur. Burada təbiət və texniki elmləri xüsusilə qeyd etmək lazımdır. Şübhəsiz ki, türk dilində də ədəbiyyatlar dərc edilir. Ancaq hansı dildə ədəbiyyat çoxdursa və hansı dil tədris üçün universal sayılırsa, onun tədrisini təşkil etmək, intensivləşdirmək mənfi hal sayılmamalıdır. Bu, əslində seçim imkanıdır. Biz etiraf etməliyik ki, bütün sahələr üzrə ədəbiyyatlar çapında Rusiya və Türkiyədən çox geridəyik – xüsusən də dediyim kimi, təbiət elmləri və texniki sahələrdə. Bədii ədəbiyyata gəldikdə isə ingilis, fransız, ispan yazıçılarının böyük əksəriyyətinin əsərləri orijinaldan yox, rus dilindən tərcümə olunur. Ona görə də rus dilinin tədris üçün universal dil olduğu nəzərə alınaraq onun tədrisinə məhdudiyyət qoyulmamalıdır. Mütəxəssis, kadr hazırlığına nazirin bu qərarı dəstək verən qərardır. Bir şəxs təfəkkürünün inkişafı üçün hansı dili məqbul hesab edirsə, bu onun öz seçim imkanıdır. Yəni rus dilini də, ingilis dilini də, Azərbaycan dilini də seçə bilər. Ona görə bu qərarın düzgün olduğunu düşünürəm və rus dilinə bu gün ehtiyac var”.
Azad Müəllimlər Cəmiyyətinin sədri Məlahət Mürşüdlü rus dilinin xarici dil kateqoriyasına daxil olduğunu və buna görə də bu dili öyrənməyin vacib olduğunu dedi: “Rus dilinin tədrisi tam olaraq məktəblərdən yığışdırılmamışdı. Sadəcə, verilən saatlar tədris planlarında yarıdan çox azaldılmışdı. Tutaq ki, əvvəllər həftədə 6 saat keçirilirdisə, sonradan 1-2 saatla əvəzləndi. Rus dili də xarici dil kateqoriyasına daxildir və ingilis dilini öyrəndiyimiz kimi, rus dilini də öyrənmək vacibdir. Çünki bizim Rusiya dövləti kimi böyük bir qonşumuz var. Qonşunun dilini bilmək dövlətin dilini bilmək, ingilis dili bilmək qədər Azərbaycan əhalisi üçün önəmlidir. Dərsliklərin xüsusən də ali məktəblərdə, texniki universitetlərdə tədris materiallarının çoxunun rus dilində olması tələbələrin qarşısında bir çox çətinliklər yaradır. Necə ingilis dili dünyada populyar dildirsə, rus dili də MDB məkanında elə bir populyar dildir və biz bu dili bilməliyik. Xüsusən də indiki nəsil Bakıdan kənara, Rusiyaya gedəndə çətinlik çəkir. Zamanın tələbinə uyğun olaraq, camaat daha çox dil bilsə, bir o qədər də yaxşı olar. Yəni özünütəsdiq baxımından bu vacibdir”.musavat.com