Rumıniya Ukraynaya bir ədəd “Patriot” hava hücumundan müdafiə sistemi göndərəcək.
Tribunainfo.az-ın xəbərinə görə, bu barədə məlumat ölkə Prezidenti Klaus Yohannisin rəsmi saytında yerləşdirilib.
Məlumatda bildirilib ki, müvafiq qərar Rumıniyanın Müdafiə Nazirliyinin təqdimatı əsasında Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib:
“Rusiyanın mülki əhali, infrastruktur obyektləri, xüsusilə də enerji təchizatı sisteminə intensiv hücumları ilə əlaqədar Ukraynada təhlükəsizlik sahəsində vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq bu ölkəyə bir ədəd “Patriot” hava hücumundan müdafiə sisteminin göndərilməsinə qərar verilib. Bu addım ABŞ-dən analoji sistemlərin əvəzsiz təchizatı şərti ilə atılır”.
Məlumatda həmçinin rəsmi Buxarestin Ukraynaya dəstəyi davam etdirəcəyi də qeyd olunub.
Xatırladaq ki, bugünkü iclasda 2025-ci ildə ölkə xaricindəki hərbi əməliyyatlara cəlb olunacaq kontingentin sayı da təsdiq edilib.