Rublun çöküşü Azərbaycana necə təsir göstərəcək? – Ekspert şərh edir

Rublun çöküşü Azərbaycana necə təsir göstərəcək? – Ekspert şərh edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya rublunun dəyərdən düşməsi Azərbaycana müxtəlif istiqamətlərdən təsir göstərir və göstərəcək də”. 
Bu sözləri iqtisadiyyat üzrə ekspert Natiq Cəfərli rublun çöküşünün Rusiya ilə iqtisadi əlaqələrdə Azərbaycana necə təsir göstərəcəyini şərh edərkən deyib.
O, prosesin hələ yekunlaşmadığını, Rusiyanın iqtisadi vəziyyətini nəzərə alaraq, rublun dəyərdən düşməsinin gələcəkdə də davam edəcəyini vurulayıb:
“Bu durum ilk növbədə Rusiyadan Azərbaycana gələn məhsulların həcminin artmasına səbəb olacaq. Yəni, rus rublu dəyərdən düşdükcə, Rusiyanın idxalı artır. Bu da yerli, eyni analoq olan məhsul istehsalını azalda bilər. Onsuz da Azərbaycanda yerli istehsalla bağlı problemlər var. Rus rublu dəyərdən düşdükcə, Rusiyadan gələn məhsullar daha sərfəli hala gəlir və bu da yerli istehsala müəyyən dərəcədə mənfi təsir göstərəcək”.
Natiq Cəfərli rublun düşməsinin daha böyük təsirinin Rusiyada çalışan azərbaycanlılara olacağını vurğulayıb:
“Bildiyimiz kimi, Rusiyada iki milyona yaxın soydaşımız yaşayır. Onlar qazanclarını rublla əldə edirlər. Bu vəsaiti valyutaya çevirib öz ailələrinə göndərirlər. Keçən il Rusiyadan Azərbaycandakı ailələrə təqribən bir milyard dollara yaxın vəsait daxil olub. O vəsaitin həcmi azala bilər. Çünki rubl ucuzlaşdıqca, rublla qazanc əldə edən azərbaycanlılar daha az valyuta ala biləcəklər və Azərbaycana göndərilən vəsait həcm olaraq azalacaq. Bu da əsasən regionlarda Rusiyadan gələn vəsaitlə dolanan ailələrə mənfi təsir göstərə bilər”.