Rusiyada milli valyutanın məzənnəsi daha da ucuzlaşıb. Rublun ucuzlaşmasının əsas səbəbi kimi Rusiyadan kapital axını göstərilir.
Həmçinin, ucuzlaşma ölkədə inflyasiyanı sürətləndirir. Bildirilir ki, hazırda dollar 90 rubl, avro isə 99 rubl səviyyəsindədir.
Bəs, rublun ucuzlaşması Rusiya ilə ciddi ticarət əlaqələri olan Azərbaycana necə təsir göstərəcək?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında bildirib ki, rubl dəyərdən düşdükcə məntiqlə Azərbaycanda Rusiyadan gələn məhsulların qiyməti ucuzlaşmalıdır.
Ekspertin sözlərinə görə, sanksiyaların bir müddət sonra Rusiya iqtisadiyyatına sərt şəkildə təsir edəcəyi gözləntisi vardı:
“Rublun ucuzlaşması gözlənilən idi. Neftin qiymətinin düşməsi büdcəni doldurmaq üçün Rusiyanın əldə etdiyi valyutanı daha baha rubla dəyişmək həvəsini yaradır. Ona görə də hazırda Rusiya hökumətinin özünə də rublun dəyərdən düşməsi sərf edir. Çünki dolları daha baha dəyişə bilirlər”.
Azərbaycana gəlincə ekspert qeyd edib ki, ölkəmizin Rusiya ilə böyük ticarət dövriyyəsi var:
“Biz Rusiyadan kifayət qədər həcmdə məhsul idxal edirik. Keçən il ümumi ticarət dövriyyəmiz az qala 2 milyarda yaxınlaşmışdı. Rusiyadan daha çox süd, ərzaq məhsulları, un, buğda və s. alırıq. Əgər rəqabətli mühitə uyğun bir bazar qaydaları işə düşsə, Rusiyadan idxal olunan məhsulların qiymətində bir müddətdən sonra ucuzlaşma olmalıdır”.
Natiq Cəfərli qeyd edib ki, rublun ucuzlaşması Rusiyada işləyən azərbaycanlılara təsir edə bilər:
“Bu, Rusiyada çalışan azərbaycanlılara təsirsiz ötüşməyəcək. Onlar öz ailələrinə müəyyən vəsait göndərirlər. İndi 90 rubl 1 dollara bərabərdir. Rusiyada yaşayan azərbaycanlıların gəlirləri rublla olduğu üçün dollar bahalaşdıqca, onlar ölkəyə daha az vəsait göndərəcəklər. Beləliklə, gəlirlərinə daha az dollar ala biləcəklər”.