“Troyka Dialoq” investisiya şirkətinin təsisçisi Ruben Vardanyan Rusiyanın ən böyük “Kamaz” yük maşınları istehsalçısının səhmdarları siyahısında olan “Avtoinvest” MMC-də pay sahibi olmaqdan çıxıb.
Tribunainfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hüquqi Şəxslərin Vahid Dövlət Reyestri, “BIR-Analyst” və “Kontur.Focus” məlumatlarında deyilir.
“Kamaz” nizamnamə kapitalı ilə bağlı cari məlumatları açıqlamır. 2023-cü ildə əsas səhmdarlara “Rostec” (47,1%), “Avtoinvest” (23,54%) və “Daimler AG” (15%) daxildir.
Qeyd edilir ki, Ruben Vardanyan 2024-cü il oktyabrın 17-dək “Avtoinvest”də 15%-ə sahib olub. Eyni tarixdən Dmitri Artyakov eyni paya sahib olmağa başlayıb. “Avtoinvest”in daha 50%-i Nikolay Timoxinə, 35%-i “Kamaz Koqogin”in baş direktoruna məxsusdur.
Yada salaq ki, 2022-ci ilin sentyabrında Ruben Vardanyan Qarabağa köçüb və noyabrın 4-də qondarma rejimin “dövlət naziri” təyin edilib. 2023-cü il fevralın 23-də o, tutduğu “vəzifədən azad edilib”, sentyabra qədər Qarabağda qalıb. Sentyabrın 27-də Azərbaycan tərəfindən həbs edilib və hazırda Bakıda həbsdədir. Azərbaycan hüquq-mühafizə orqanları Vardanyana qarşı terrorizmi maliyyələşdirmək, silahlı qruplaşmalar yaratmaq və sərhədi qanunsuz keçməklə bağlı ittihamlar irəli sürüb. Vardanyanı 14 ilə qədər həbs gözləyir.