ABŞ-da həbs edilən Güney Azərbaycan əsilli iş adamı Rza Zərrab yenidən məhkəmə qarşısına çıxarılıb. Onun ittiham aktına İranın “Mahan Air” şirkəti və R.Zərrabın qardaşı Məhəmməd Zərrab ilə bağlı epizodlar da əlavə olunub. ABŞ-da həbs edilən Güney Azərbaycan əsilli iş adamı Rza Zərrab yenidən məhkəmə qarşısına çıxarılıb. Onun ittiham aktına İranın “Mahan Air” şirkəti və R.Zərrabın qardaşı Məhəmməd Zərrab ilə bağlı epizodlar da əlavə olunub.
Daha sonra Zərrabın vəkili məhkəmə qarşısında onlara vaxt verilməsinə dair vəsatət qaldırıb. Hakim vəsatəti təmin edib və məhkəmənin gələn ilin oktyabrın 16-na qədər təxirə salınması ilə bağlı qərar verilib.
ABŞ-da bank saxtakarlığı və çirkli pulların yuyulması ilə ittiham olunan Rza Zərrabın Azərbaycanla hansısa bağlılığı olubmu?! Bu suala cavab tapmaq üçün Azərbaycanda bank sekorunda 4 il qabaq baş verən bir hadisəyə nəzər salmaq istəyirik.
2012-ci ilin 12 iyulunda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Royalbank” ASC-nin lisenziyasının ləğv edilməsi haqqında rəsmi açıqlama yayıldı. Bir həftə sonra isə “Royal Bank”ın Müşahidə Şurasının sədri, əslən iranlı Əli Cam və 1 saylı filialın müdiri Hikmət Rəcəbovun ölkədən qaçması haqqında məlumat yayıldı. Bakını tərk etməmişdən əvvəl onun Nərimanov filialından 1 milyon manat pul çıxardığı barədə də xəbərlər gəlir. Bir neçə ay sonra məhkəmə iclasları başlayır. “RoyalBank” ASC-nin vəzifəli şəxsləri özgə əmlakını külli miqdarda mənimsəmələrinə görə həbs edilirlər.
2013-cü il fevralın 7-də mətbuatda yayılan digər xəbərə görə, “RoyalBank”la bağlı məhkəmə çəkişmələrində ifadə verən Əli Cam prokurorun iş üzrə sorğusuna çox təhqiramiz cavab verib: “Olmasın mənim 20, 200 min və yaxud 2 milyon manatım. Mənim 220 milyon manat pulum var, lazım gəlsə, sizin ölkəni satın alaram”.
2013-cü ilin dekabrın 9-da bu dəfə İNTERPOL-un saytında yerləşdirilən məlumata görə, “Royal Bank”ın direktoru, 29 yaşlı Fuad Cam mənimsəmədə ittiham olunur. Bir neçə ölkənin vətəndaşlığını daşıyan F.Camın hazırda ABŞ-da olduğu ehtimal edilir. O, bir neçə dəfə istintaqa dəvət olunsa da, boyun qaçırıb və buna görə də barəsində məhkəmənin hökmü ilə dövlətlərarası axtarış elan edilib.
Fuad Cam “Royal Bank”ın direktoru, onun atası Əli Cam isə bankın Müşahidə Şurasının sədri olub. Daha sonra Azərbaycan hüquq mühafizə orqanları tərəfindən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılıb. Bu dəfə “RoyalBank” ASC-nin Qazax filialının sabiq müdiri Elmir Əsgərov həbs edilir. Onun 150 min manat mənimsədiyi üzə çıxır.
2015-ci ilin aprelində “Royal bank” ASC-nin Plastik Kartlar Departamentinin direktor müavini vəzifəsində işləyərkən həmin bankın filialları vasitəsilə 4 milyon 817 min manat məbləğində pul vəsaitlərinin “yuyulmasında” (leqallaşdırmasında) şübhəli bilinən Gülşən Mustafayeva barəsində cinayət işi başlanılır.
“RoyalBank”ın adı “WikiLeaks” saytının dərc etdiyi məxfi teleqramlarda da qeyd olunub. Orada ABŞ diplomatlarının öz ölkəsinin rəhbərliyi ilə apardığı məxfi yazışmalarda qeyd olunurdu ki, “Royal Bank” İranın maliyyə və bir sıra siyasi dairələrilə bağlıdır və İranın çirkli pullarının yuyulmasında fəal rol oynayır.
Yada salaq ki, yeni əsrin əvvlərində ailəsi ilə birlikdə Türkiyəyə köçən Rza Zərrab 2008-ci ildə orada “Royal Dənizçilik” şirkətini yaradır. 2010-cu ildə qardaşı Məhəmməd Zərrab (Can Sərraf) ilə birlikdə “Royal Holding”i qururlar. 2013-cü ilin dekabrında Türkiyədə korrupsiyaya qarşı əməliyyatlar keçirilir. İstanbul Baş Prokurorluğunun 2013-cü ilin 17-23 dekabrında keçirdiyi əməliyyatlarda bir neçə nüfuzlu məmur övladları ilə birlikdə Rza Zərrab da həbs edildi. Bir neçə ay sonra o, şərti azadlığa buraxılır. Amma 2016-cı ilin 16 martında Rza Zərrab ailəsi ilə birlikdə istirahət etmək üçün getdiyi Mayamidə yenidən həbs olunur. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə (Əvvəl təqdim etdiyimiz Wikiliks sənədlərində də bu adlara rast gələ bilərsiniz) adlı iki İran vətəndaşı da tutulur. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir. Prokurorun təqdim etdiyi sənəddə göstərilib ki, Zərrabın şərti azadlıq üçün təklif etdiyi pul onun təkcə 2013-cü il ərzində verdiyi rüşvətin ümumi məbləğinin cəmi üçdə bir hissəsini təşkil edir. Rza Zərrabın xaricə qaçmaq üçün bütün maddi imkanlara, şəxsi təyyarə və gəmilərə sahib olduğu da sənədlərdə vurğulanıb. Onun məhkəmə heyətinə təqdim etdiyi Türkiyə, İran və Makedoniyaya məxsus şəxsiyyət vərəqələri diqqət çəkir. Bildirilir ki, Makedoniya və İranla ABŞ arasında müvafiq sənədlər olmadığına görə, Rza Zərrab sözügedən öllkələrə qaçarsa, onun geri verilməsi mümkünsüz olacaq.
Göründüyü kimi, İrandan İstanbula gedən Zərrab ailəsinin qurduğu “Royal Holding” ilə İrandan Bakıya gələn Cam ailəsinin qurduğu “Royal Bank” arasında bağların olduğu istisna deyil. Amma daha dəqiq qənaət üçün yəqin ki, Zərrabın gələn ilin oktyabrında ABŞ-da baş tutacaq məhkəməsini gözləməliyik.