Müğənnilərlə oturub-durmaq, onların “tusovka”larında olmaqdan eyforiya keçirmək bizim şou müxbirlərinin həyatlarının ən böyük qazancıdır.
Müğənnilərlə oturub-durmaq, onların “tusovka”larında olmaqdan eyforiya keçirmək bizim şou müxbirlərinin həyatlarının ən böyük qazancıdır.
Onlar bununla həmişə fəxr ediblər. Bizdə şou müxbiri yox, müğənnidən, manısdan büt düzəldən ələkçinin qıl verənləri var. Belədə mahiyyəti toydan və selikon dolu məmədən ibarət olan sənət aləminin müxbiri başqa cür ola bilməz.
Şou mövzuları bu qədər qarışıq dövrdə mətbuat üçün saqqal darağı qədər vacib yer tutur. Şou müxbirləri olmasa, yediyimiz-içdiyimiz boğazımızdan keçməz. Onlar olmasa, biz hansı manısın kimin yatağından qalxdığını, kimin-kimə şam tutduğunu əsla öyrənə bilməzdik.
Şou müxbirləri ilə bağlı ağır travmam var. Təsadüfən düşdüyüm mətbuat konfransında qocaman şou müxbiri Mahsun Kırmızıgülə “lazımsız” sual verdiyim üçün məni döyməyə hazırlaşırdı ki, arxa qapıdan çıxıb, evə qaçdım. “O, Mahsun Kırmızıgüldür. Ona hər istədiyin sualı verə bilməzsən. Sən kimsən ki, ondan filmindəki obrazlar niyə hamısı şikəst, şil-küt adamlardır soruşursan? Kimsən axı sən?” Və sairə və ilaxır. İllərdir ki, həmin o müxbirin mənə verdiyi sualı özümə verirəm: Şou müxbirləri olan yerdə axı sən kimsən?
Bizdə şou müxbirləri təkcə şou müxbiri deyil, həm də müğənnilərin mətbuat xidmətinin rəhbəri, PR meneceridir. Bu işi pulla və pulsuz görən müxbirlər var. Kimi bu işi “tusovka”larda bir qarın çörəyə, kimi də konkret məbləğə görür. Bir saytda və ya televiziyada eyni müğənnini ardıcıl görəndə hamıya məlum olur ki, pulu ödənilib. Odur ki, ki efirlərdən və saytlardan ən çox adı heç bir dəftərdə olmayan manıslar boylanır. Onlar pulu havaya sovurmurlar. Xərclədikləri məbləğin bir müddət sonra bəhrəsini mütləq görürlər. Efirdən göründükdən sonra isə toy və kişi tuta bilirlər. Sonra məşhurlaşırlar. Məşhurluqdan sonra pul xərcləməyə ehtiyac qalmır. Bir zamanlar ətəklə pul xərclədikləri media onlara müsahibə üçün yalvarır.
Müğənnilərin əksəriyyətinin danışıq tərzinin, mədəniyyətinin hansı səviyyədə olduğunu efirdən görürsünüz. Gündəlik həyatlarında onlar bu danışıq tərzinin ən səviyyəsiz qatlarına enirlər. İki kəlmədən birinin söyüş və təhqirdən ibarət olduğu leksikonları, hamıya öz nökəri və qulu kimi yanaşmaları heç kimə sirr deyil. Şou müxbirləri bu küçə danışığından, həbsxana jarqonundan öz nəsibini alır. Müğənnilər adətən, adicə müsahibə üçün zəng eləyən müxbirə tualet nəzarətçisinə göstərilən münasibəti göstərirlər. Lakin onlar yenə də pəs etmirlər, söyüşə və təhqirə sinə gərirlər. Onları sevməkdə, onlara allah kimi baxmaqda israr edirlər. Bununla da kifayətlənmirlər. Bu sevgini, acizliyi oxucuya, tamaşaçıya da sırıyırlar. Özləri bir düşük mahnısına aşiq olduqları manısı cəmiyyətə dahi müğənni kimi təqdim edirlər.
Mənim insanları başa düşmək, anlamaq problemim nadir hallarda olub. Hamını çatışmazlığı, zövqsüzlüyü ilə birgə həzm etməyi özümə çoxdan aşılamışam. Əks halda bu qədər marjinal cameədə baş çıxara bilməzdim. Hər şeyi başa düşürəm, adam zövqsüz də olar, mənasız da, səviyyəsiz də. Bir insan necə ola bilər ki, Röyaya qulaq assın? Yox, təkcə qulaq asmasın. Həm də sevib, dərdindən ölüb qulaq assın. Siqaretdən korlanmış təki, oğlan səsi kimi səsi necə sevmək mümkündür?!
Heç kimə sirr deyil ki, Röya müğənnilikdən əlavə qarışıq orientasiyalıların ikonasıdır. “Dəli Röya”, “Röyaların şahzadəsi” və sairə kimi saysız-hesabsız cinsi azlıq mənsubları var.
Röyanı tamaşaçıya media, televiziyalar sevdirib. Şou müxbirləri xalqı inandırıb ki, yaxşı oxumaq elə bu cür olur. Boka, “vor v zakone” mahnılarının təsirindən çıxmamış dinləyici üçün Röya göydəndüşmədir. Xırıltılı səs, irin-qan, kədərli mətn. Boka həbsxanada sızıldayırdısa, Röya azadlıqda mərsiyə deyir.
İnsanları kənddən çıxarmaq olur, kəndi insanlardan yox. Röya region, kənd abu-havasından heç vaxt çıxa bilmədi. Şou müxbirləri isə onu tamaşaçıya dəb ikonası, super star kimi sırımağa davam elədi. Çanaq əvvəlcə tamaşaçının başında çatladı. O, elə bildi ki, Röya dahi sənətkardır, vazkeçilməz dühadır. Sonra isə Röya “valı dəyişdi”. Onu reklam edib, pul qazandıranları döydürməklə hədələməyə başladı.
Azərbaycan mediasında hər gün yenilənən 400-dən çox xəbər saytı var. Təəssüflər olsun ki, yaxşı yazar və müxbirlərin sayı heç 40-a çatmır. Çünki medianın 40-ı çıxıb. Təəssüfləndiyim hadisələrdən biri də Elvin Elxan adlı istedadlı jurnalistin şoudan, manıs yığınından yazı yazmasıdır. Kifayət qədər istedadlı gənc niyə şoudan yazsın axı? Bu, mətbuatın və oxucunun itkisidir. Hazırda Elvin Elxanın və həmkarlarının 10 ildən çox müddətdə bizi müğənniliyinə inandırmağa çalışdıqları Röya onu döydürməklə hədələyir. Röya əcəb edir! Bu ifadəni şou müxbirləri illərdir, tamaşaçıya deyir. Röyanın tamaşaçını təhqirinə, efirdəki davranışına şou müxbirlərinin cavabı həmişə belə olub: “Röya əcəb edir!”
Allaha çevirdikləri müğənnilər sonradan jurnalistlərə qənim kəsilir. Buna etiraz etməyə isə jurnalistlərin haqqı olmamalıdır. Onları siz adam etmisiniz, siz böyüdüb, çörək vermisiniz. Bir ay efir, saytlar olmasa, xalq elə düşünər ki, müğənnilərə toyuq qırğını gəlib.
Xanım müğənni mənə maraqlı olmayan qalmaqal səbəbindən Elvinə qarşı müharibə elan edib. Mən bu döydürmək planında Röyanı dəstəkləyir və uğurlar arzu edirəm. İnanıram ki, nəticə bizim xeyrimizə bitər. Elvin Elxan manıslardan, sonradan görmələrdən yazmağa son qoyar. İstedadını ciddi mövzulara həsr edər.
P.S: Oxuculardan belə axmaq mövzuya görə üzr istəyirəm.
Günay Arda