Rusiyanın Rostov vilayətində yerləşən Novoçerkassk Novoçerkassk Dövlət Rayon Elektrik Stansiyasının (DRES) iki enerji bloku sıradan çıxıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.
Şahidlərin sözlərinə görə, elektrik stansiyasına dron hücumu olub.
İlkin məlumata görə, elektrik stansiyasına hücumda bir neçə dron iştirak edib. Ehtimal olunur ki, ilkin həmlə yerli vaxtla səhər 02:30-da (Bakı vaxtı ilə 03:30) olub.
Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib ki, yarımstansiyada alışma olub. Yanğınla əlaqədar 330 kV-luq yüksək gərginlikli xətlər – Tixoretskaya və Rostovskaya – avtomatik olaraq söndürülüb.
O əlavə edib ki, indi istehlakçıların enerji təchizatı bərpa olunub. Sözügedən elektrik stansiyasının iki enerji bloku müvəqqəti olaraq istismardan çıxarılıb.
Sosial şəbəkələrdə yayılmış videolarda partlayış səsləri eşidilir, yanğın görünür.
Dron hücumu barədə məlumat rəsmən təsdiqlənməyib.
Qeyd edək ki, Novoçerkassk kondensasiya elektrik stansiyası və ya ənənəvi adı ilə Novoçerkassk DRES Rostov vilayətində Rostov Atom Elektrik Stansiyasından sonra ən böyük istilik elektrik stansiyası və ikinci ən güclü elektrik stansiyasıdır.
Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən bəri dronlar mütəmadi olaraq Rusiya ərazisindəki hədəflərə hücum edir. Hücumların başlıca hədəflərindən biri də ölkənin enerji sistemidir.