Portuqaliya millisinin çoxsaylı rekordlara sahib forvardı Kriştiano Ronaldo daha birinə imza atıb.
Tribunainfo.az xəbər verir ki, ulduz hücumçu dünya futbol tarixində milli komandada rəsmi matçlarda 100 qalibiyyətli oyun keçirən ilk futbolçu olub.
Kriştiano bu nəticəyə Millətlər Liqasının 3-cü turunda komandasının Polşaya 3:1 hesabı ilə qalib gəldiyi oyunda çatıb. Ronaldo həmin oyunda karyerasında 133-cü milli komanda qolunu da vurub ki, bunun özü də elə portuqaliyalının özünə məxsus rekordun yenilənməsidir.
Polşa ilə oyunda Ronaldo yoldaşlıq görüşlərini də nəzərə almaqla 131-ci qələbəsinə nail olub. 39 yaşlı futbolçu Portuqaliya yığması ilə ümumilikdə 215 oyunda meydana çıxıb.