Ermənistanın ikinci prezidenti, Qarabağda azərbaycanlılara qarşı, xüsusi ilə Xocalı soyqırımı kimi cinayətlərdə əli olan Robert Koçaryan yerli Kanal 5 TV-yə müsahibə verib.
Tribunainfo.az xəbər verir ki, o, çıxışının əksər hissəsini Ermənistanla Azərbaycan arasında olan münasibətlərə həsr edib.
Koçaryan bildirib ki, Azərbaycan və Türkiyə Qafqazda dominant rolununa sahibdir. O, Ermənistan üçün bunu “təhlükə” hesab edərək, dəstəyə ehtiyac olduğunu iddia edib. “Azərbaycanı və Türkiyəni cilovlaya bilən bir ölkə var, o da Rusiyadır. Bizə güclü qarant lazımdır”.
Koçaryan deyib ki, Qarabağ məsələsinin həllindən sonra Azərbaycan daha da cəsarətlənib. “Azərbaycan Avropanı neft və qazla təmin etməkdə müəyyən qədər Rusiyanı əvəz edir. Onlar bundan daha cəsarətli mövqedən yararlanmağa çalışırlar. Bu, gözlənilən idi”.
Ermənistanın sabiq prezidenti Türkiyə və Azərbaycanı Ermənistana “birbaşa təhdid” adlandırıb.
O, sülh sazişi məsələsinə də toxunub. Koçaryan deyib: “Sülh müqaviləsi sıfır dəyəri olan bir kağız parçası olmayacaq. Ancaq müqavilələrin yerinə yetirilməsinə zəmanət verəcək nəhəng, güclü bir ölkə olmaq ehtiyacı da var. Yalnız bu zəmanət olarsa, sülh müqaviləsi də imzalanacaq”.
Onun sözlərinə görə, həmin sazişdə bir neçə şərtin yerinə yetirilməsini nəzərdə tutan məsələlər müzakirə olunur. “Azərbaycanın ən yüksək səviyyədə dediyi kimi, konstitusiya dəyişməyənə qədər, Minsk Qrupu ləğv olunana qədər imza olmayacaq. Amma güman edirəm ki, seçki dövründə Ermənistana təsir imzası verə bilərlər”.
Koçaryan Zəngəzur dəhlizinin açılacağına şübhə etmədiyini də bildirib. “Bu, güzəşt təhlükəsi deyil, amma onlar artıq söz veriblər, buna şübhəm yoxdur: söhbət dəhlizdən gedir. Eyni zamanda, bütün bunları bir kənara qoyub, danışıqları Zəngəzur dəhlizinə ayrıca məsələ kimi baxılacaq həddə çatdırmaq absurddur. Bu, sadəcə olaraq, diplomatik uğursuzluğun şah əsəridir”.
Erməni siyasətçi “Əgər söhbət autsorsingdən gedirsə, dövlət öz funksiyasını özəl şirkətə verə bilməz” deyib. Koçaryan bunun üçün “arqument”lər də gətirib: “Məsələn, həmin yolda qəza baş verərsə, onu hansı ölkənin polisi araşdıracaq, hadisəyə hansı məhkəmə baxacaq, hansı istintaq orqanları bununla məşğul olacaq?”.
Koçaryan Qarabağ mövzusunda da danışıb. O, “Qarabağın itirilməsi əsasən Ermənistanın 9-cu bəndi yerinə yetirməkdən imtina etməsi ilə bağlıdır” deyə bildirib.
Fərda Uğur