Riyaziyyat kimi vacib bir fənnin daha dərindən tədrisi üçün xüsusi dövlət proqramı qəbul olunmalı və maliyyə vəsaiti ayrılmalıdır.
Tribunainfo.az xəbər verir ki, bu təkliflə keçmiş deputat, təhsil üzrə ekspert Etibar Əliyev çıxış edib. O bildirib ki, Riyaziyyat fənnindən aşağı nəticə yaxşı hal deyil:
“2025- ci ildə Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat olimpiadasında şagirdlərimizin medal qazana bilməməsi əlbəttə ki, bizi məyus etdi. Digər tərəfdən bu il keçirilən qəbul imtahanlarında I ixtisas qrupu üzrə abituriyentlərin “Riyaziyyat” və “Fizika” fənlərindən son dərəcə aşağı nəticə göstərməsi yaxşı hal deyil.
Düşünürəm ki, Riyaziyyat kimi vacib bir fənnin daha dərindən tədrisi üçün xüsusi dövlət proqramı qəbul olunmalı və maliyyə vəsaiti ayrılmalıdır.
Bəşəriyyətin nəhəng riyaziyyatçısı, ötən əsrin iki mürəkkəb məsələsini həll etmiş, Riyaziyyat üzrə ən mötəbər mükafat sayılan Filds medalı laureatı, milliyyətcə çinli Yau Şintunun qızıldan qiymətli fikrlərini bölüşürəm: “Biz riyaziyyatçıların varlanmaq fikri yoxdur, yaxud hansısa sülalə yaratmağa cəhd etmirik, əbədi həqiqət yolunda bizi irəli aparan nəzəriyyə və tənliklər axtarışındayıq. Riyaziyyat elmi dövləti varlı və qüdrətli etmək gücünə malikdir. Ona görə ki, bu elm bütün tətbiqi elmlərin fundamentini təşkil edir. Bununla yanaşı riyaziyyata sahib çıxmaq ölkədə sülhün və sabitliyin qorunmasının qarantı ola bilər. Bizim disiplin müasir cəmiyyətdə həyatın dayanıqlığı və planlaşdırırmada əvəzsiz rol oynayır””.
Gülşən Rəsul