Restoranlara quraşdırılan filtrlər- onların qiyməti neçədir?

Restoranlara quraşdırılan filtrlər- onların qiyməti neçədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlik: “Bu qurğuları almaq və quraşdırmaq bilavasitə sahibkarın işidir”

Bakıda havanı çirkləndirən restoranlara, iaşə obyektlərinə mübarizə davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, indiyə qədər Bakı-Abşeron ərazisində təxminən 90-a yaxın ictimai-iaşə obyektinə qurğu quraşdırılıb. 200-ə yaxın obyektin üzərində iş gedir.

Eyni zamanda nazirliyin əməkdaşı Faiq Mütəllimov noyabrın 22-də “Yeni Müsavat”a bildirdi ki, monitorinqlərin başlanıldığı tarixdən indiyədək xəbərdarlıqlara məhəl qoymayaraq təmizləyici qurğu quraşdırmayan 64 obyekt cərimə olunub, cəriməni ödəməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması istiqamətində iş aparılır:

“20 iaşə obyektinin – ”Yeddi Gözəl”, “Sonalar Sonası”, “Gilavar”, “Oazis”, “Çanaqqala”, “Şahzadə”, “Şəlalə”, “Meqa Palas”, “Kəndimiz”, “Çıraq”, “Qabırğa” və digərlərinin bağlanması üçün sənədlər məhkəməyə göndərilib. Hazırda daha 15 iaşə obyektinin -“Topqapı”, “Ankara”, “Mübarək”, “Eliza”, “Cratos Hall”, “Qızıl balıq”, “Şır-şır”, “Meşəbəyi” və digərlərinin fəaliyyətinin dayandırılması üçün sənədlər məhkəməyə hazırlanır. Onların fəaliyyətlərinin bərpasına ETSN tərəfindən aparılacaq monitorinqlərin və müsbət rəyin nəticəsindən asılı olaraq razılıq veriləcək”.

Nazirlik tərəfindən həmçinin noyabrın 22-də  Binəqədi rayonu, 1-ci Mədən, korpus 2-də yerləşən qara metal əritmə sexindən ətrafa tüstü və  qoxunun yayılması ilə bağlı şikayət daxil olub.  Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq  keçirilib. Atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb.  Analizlərin nəticələrinə görə atmosfer havasına atılan tullantıların miqdarının normadan yüksək olduğu məlum olub.

Araşdırma zamanı qara metal əritmə sexinin “Fərid-RL” MMC-yə  məxsus olduğu müəyyən edilib.  Faktla bağlı MMC barəsində protokol tərtib olunub və hüquqi şəxs qismində 12500  manat məbləğində cərimə edilməsi üçün toplanmış sənədlər Binəqədi Rayon Məhkəməsinə  göndərilib.

təmizləyici qurğu quraşdırmayan 64 obyekt ile ilgili görsel sonucu

Atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün “Fərid-RL” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Məlumatlardan da göründüyü kimi, qurum üzərinə düşən işi görməkdə davam edir. Lakin ictimaiyyətdə belə bir fikirlər də var ki, nazirlik restoranlara quraşdırılan havatəzmizləyici qurğuların qiymətini açıqlamadığı üçün ortada qaranlıq məqamlar qalır… Bəzi sahibkarlar hesab edirlər ki, tələb edilən qurğunun haradan alınmalı olduğu, qiyməti də bildirilməlidir. Onların fikrincə, bu məlumatların açıqlanmaması deməyə əsas verir ki, prosesdə şəffaflıq qorunmur.

Məlumat üçün qeyd edək ki, obyektləri havanı çirkləndirən sahibkarlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237-ci maddəsinin (Müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) 2-ci bəndinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilə bilərlər.

Qeyd edək ki, sözügedən maddəyə görə, ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər 3500 manatdan 4500 manatadək, hüquqi şəxslər isə 20 min manatdan 25 min manat məbləğədək cərimə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ile ilgili görsel sonucu

Qurğuların qiymətinə gəlincə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Müsavat”a bildirilib ki, onların işi qurğuları tapmaq, sahibkarlara satmaq və digər bu kimi məsələlər deyil:“Biz havanın çirkləndirilməsinə qarşı mübarizə aparırıq. Qurğuların haradan, necə və neçəyə alınması barədə məlumatlı deyilik. Bu, birbaşa olaraq sahibkarın işidir. Əgər sahibkar restoran işlədirsə, ətraf mühitə tullantı atmamalıdır. Ya fəaliyyətini dayandırmalıdır, ya da işini standartlara uyğun şəkildə görməlidir. Sahibkarlara bu qurğunu quraşdırmaları üçün kifayət qədər zaman verilib. Yalnız bundan sonra qurğuları quraşdırmayanlar cərimələniblər. Qurğuları isə müvafiq şirkətlər quraşdırırlar. Nazirlik şirkət deyil ki, sahibkarlara qurğu satsın, qiymət qoysun. Qeyd etdiyimiz kimi, bizim işimiz ətraf mühitə, atmosferə atılan tullantıların qarşısını almaqdır”. -deyə nazirlikdən bildirilib.

“Yeni Müsavat” olaraq öyrəndik ki, bu qurğular xarici ölkələrdə, eləcə də qardaş Türkiyədə geniş yayılıb. Belə ki, qurğular işləmə funksiyasına görə fərqli formadadır. Lakin bütün qurğuların quraşdırılma mexanizmi demək olar ki, eynidir. Təmizləyici qurğular ictimai-iaşə obyektlərinin tüstü bacalarına quraşdırılır. Kirli hava qurğunun içərisində olan iki hissəli sulu filtrdən  keçir və atmosferə təmiz hava buraxılır. Bu qurğular həmçinin yanğının da qarşısını alır. Belə ki, qurğular ocağa yaxın  yerdə quraşdırılan zaman, yanğın baş verən zaman ətrafa yayılmasının qarşısı alınır. Eyni zamanda tüstü ilə bərabər ətrafa qoxu da yayılmır. Cihazların qiymətinə gəlincə isə quraşdırılması ilə birlikdə 18-25 min manat arasında başa gəldiyi bildirilir.

ƏLİ