Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 2000-ci il təvəllüdlü Elşən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Asimana xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 21-də Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən “Elsevər” restoranının həyətində baş verib.
Elşən orada sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq etməklə, yəni zərərçəkmiş Asimanın sol qoluna və qarın boşluğuna nüfuz edən 2 dəfə bıçaqla vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən zərərçəkmiş Asimana bıçaqla xəsarət yetirməkdə özünü təqsirli bilib. O bildirib ki, ictimai qaydanı pozumasına dair hissədə isə təqsirli bilmir. Onun ifadəsinə görə, həbs edilməmişdən öncə Naxçıvan şəhərində yerləşən mafia klubda kassir işləyib.
Təqsirləndirilən şəxs qeyd edib ki, 21 may 2023-cü ildə təqribən gecə saat 2 və yaxud üçün yarısında dostu Atillanın yanına gedib və Babək rayonunda olan mafia klubda oyun oynamağı təklif edib: “Bundan sonra Abbas adlı şəxsin maşını ilə Babək rayonunda yerləşən “Elsevər” restoranına getdik. Ora getməzdən öncə dostum ilə bir litr arağı yarıya qədər içdik. Həmçinin pivə də içdik. “Elsevər” restoranında isə elə ayaq üstə bir ədəd pivə içdik. Həmin vaxt orada olan tanımadığım şəxslər arasında mübahisə yarandı”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan sonra özünün Atillaya əli ilə işarə edib, ona eşiyə çıxmağı və mübahisəyə qarışmamağı təklif edib: “Daha sonra özüm Atilla ilə birlikdə eşikdə durdum. Bu zaman Kəramət adlı şəxs ora gəldi. Özüm əvvəldən Kəraməti tanımamışam. Həmin vaxt Kəramət Atillaya onu hardansa tanıdığını dedi. Atilla isə ona bir iki dəfə onun işlətdiyi obyektə gəldiyini bildirdi. Həmin vaxt orada mahnı səsi yüksək olduğundan uca səslə danışdıq. Bu zaman Asiman bizim mübahisə etdiyimizi düşündü və ora yaxınlaşdı. Həmin vaxt Asiman da çoxlu içki qəbul etmişdi. Bu zaman Atillanı əli ilə itələdi. Onun bu hərəkətindən acıqlandım. Ona “o, mənim dostumdur, niyə onu itələyirsən?” dedim. Bundan sonra aramızda mübahisə yarandı. Həmin vaxt bıçaqla bir dəfə Asimanın qarnından, bir dəfə isə qolundan vurdum. Sonra orada olanlar bizi aralaşdırdı. Daha sonra Atilla ilə “Sizin market”ə, oradan isə evə getdik. Sonra polis idarəsinə çağırıldım. Mən də ora getdim”.
Təqsirləndirilən şəxs bildirib ki, o bundan əvvəl də məhkum olunub, 2022-ci ilin noyabr ayının təqribən 12-də və ya 13-də cəza çəkmə müəssisəsindən həbsdən azad olunub. O, etdiyi əməldən peşman olduğunu, həmçinin zərərçəkmiş şəxsin ondan şikayəti olmadığını bildirib.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Elşənin sözlərinə görə, Babək rayonunda yerləşən “Elsevər” restoranına həmişə oyun oynamaq üçün gedib: “20 may 2023-cü ildə özüm 3-4 bakal pivə içdikdən sonra orada olan mafia kluba getdim. Təqribən 4-5 bakal pivə də orada içdim. Bundan sonra tualetə getdim. İçəri qayıdanda isə oyun zalında nəsə mübahisə olduğunu və qurtardığını, orada olan insanların dağılışdığını gördüm. Bundan sonra oyun zalından çölə çıxdım. Həmin vaxt Seymur, Turqud, Kəramət və Elşənin çöldə durduğunu, onları bir yerdə gördüyümdən onlara yaxınlaşaraq dağılışmalarını istədim. Mübahisə ilə bağlı polislərin gələcəyini və bizdən izahat istəyəcəklərini, bu səbəbdən də bir yerə yığışmamalarını istədim. Bu zaman Elşən mənə “sən kimsən hər şeyə qarışırsan, sənə aid bir şey yoxdur” dedi. Həmin vaxt Elşənin bunu niyə etdiyini bilmədim. Halbuki onunla əvvəldən bir-birimizi tanımamışıq”.
Zərərçəkmiş qeyd edib ki, hadisə olan günü Elşən oyun zalına girən zaman onunla salamlaşıb, bu sözündən sonra aralarında həm özü, həm də Elşən içkili olduğu üçün mübahisə yaranıb: “Bu vaxt Atilla ora yaxınlaşanda özüm onu əlim ilə itələdim. Bundan sonra Elşən mənə “o, mənim dostumdur, onu niyə itələyirsən?” deyərək qarnımdan vurdu. Həmin vaxt Elşənin məni bıçaqla vurmasından xəbərim olmayıb. Daha sonra qolumdan vurdu. Orada olan insanlar bizi aralaşdırdı. Hadisədən təqribən beş dəqiqə sonra restoranın həyətində olan hovuzun yanında olanda kiminsə mənə qolumun qanadığını dedi. Bundan sonra orada öz qolumu yudum, yarama salfetqa qoydum. Daha sonra polislər gəldi və məni xəstəxanaya apardılar. Orada uzun müddət qalmadım. Tikiş qoyduqdan sonra evimə getdim. Hadisə zamanı Elşənlə aramızda elə də ciddi mübahisə olmayıb. Yəni savaşmamışıq və ya əlbəyaxa olmamışıq. Hadisədən sonra da, indi də təqsirləndirilən şəxsin barəsində şikayətim olmayıb”.
Bu cinayət işinə Babək Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elşən 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.