Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın ilin yekunlarına dair mətbuat konfransında Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamaları bir daha təsdiq edir ki, Sarkisyan rejimi bu il də konfliktin həllinə real yanaşmayacaq. Bu barədə TİA.AZ-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Eduard Nalbandyanın çıxışı regionda ümumi təhlükəsizliyə ziddir: “Çünki rəsmi Yerevan güzəştə getməyincə, müharibə ehtimalı öz aktuallığını saxlayır. Erməni nazir danışıqların gedişi ilə bağlı qeyd edir ki, həmsədr ölkələrinin xarici işlər nazirlərinin Vyana görüşündə konkret üç prinsip irəli sürülüb. Bura ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmək, güc tətbiq etməmək daxildir. Ermənistanın həmin prinsiplərə sadiq olduğunu, hətta Azərbaycanın da əvvəl bu prinsipi qəbul etdiyini vurğulayır. Həmçinin o, qeyd edir ki, Qarabağ konfliktinin həllində paket həll variantı var. Bundan əlavə, “Dağlıq Qarabağın yekun statusu Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsi əsasında müəyyən edilməlidir. Özü də müqəddəratı təyin etmə azad şəkildə həyata keçməli, beynəlxalq hüququ qüvvəyə malik olmalı və o cümlədən Azərbaycan üçün də məcburi xarakter daşımalıdır”, – Nalbandyan qeyd edir.
Göründüyü kimi ilin başlanğıcında Yerevandan verilən mesaj birbaşa Bakı və Minsk qrupunun həmsədrlərinə yönəlib. Qarabağ münaqişəsində son dörd ayda və bundan sonrakı danışıqların gedişində substantiv danışıqlardan yayınan və yayınacaq Ermənistan bir daha öz qeyri-konstruktiv mövqeyini sərgilədi. Qeyd edim ki, Ermənistan XİN rəhbərinin arqumentləri yenilənmiş Madrid prinsiplərini özündə ehtiva edən mərhələli həll planın əleyhinədir. Xarici İşlər Nazirliyi daima vurğulayır ki, danışıqlar mərhələli həll planı üzrə aparılır və Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə qorunur. Qeyd edim ki, paket həll variantında isə ərazi bütövlüyü məsələsi sual altındadır. Sentyabr ayından başlanan danışıqlar prosesi çərçivəsində həm prezidentlərin görüşü keçirildi, həm də XİN rəhbərləri həmsədrlərin iştirakı ilə bir neçə dəfə görüşərək problemin detallarını müzakirə etdilər.
Növbəti görüş isə bu ayın sonunda reallaşacaq. Gözlənilən növbəti görüş qabağı Eduard Nalbandyanın açıqlamalarına Xarici İşlər Nazirliyi rəsmi cavab verməli və danışıqların hansı istiqamətdə getdiyi barədə cəmiyyətə məlumat verməlidir. Hazırda E.Nalbandyanın dedikləri istiqamətində gedən proseslər birbaşa Azərbaycanın suverenliyini və təhlükəsizliyini təhdid edir. Çünki ötən ay Vyanada həmsədr ölklərinin xarici işlər nazirlərinin razılaşdırdığı üç prinsipdən ibarət konkret təkliflər əsasən paket həll variantıdır və burada Qarabağın yekun statusunda referendumun keçirilməsinə hesablanıb. Göründüyü kimi münaqişənin həlli ilə bağlı danışıqlarda qeyri-müəyyənlik davam edir. Bu danışıqlar yalnız atəşkəsin qorunmasına xidmət edib və konkret münaqişənin həlli ilə bağlı irəliləyiş əldə olunmayıb. Ermənistan tərəfinin məlum açıqlamaları bir daha göstərir ki, belə danışıqların aparılması vaxt itkisindən ibarətdir. E. Nalbandyan mətbuat konfransında 9 bəndlik həll prinsipləri ilə bağlı Azərbaycanın mövqeyinin irəliləyişə mane olduğunu deməklə, əslində Ermənistanın həll variantına hazır olmadığını açıq vurğuladı.
Azərbaycanın həll variantı mərhələli, Qarabağa yüksək muxtariyyət verməkdən ibarətdir. Təbii ki, yüksək muxtariyyətlə razılaşmayan Ermənistan bir müddətdən sonra mədəni muxtariyyətə razı olacaq. Dünyada və regionda geosiyasi şərtlər dəyişilir. Yerevanın arxalandığı Rusiya və İran demokratik dünyanın hədəfində öz çöküşlərini gözləyirlər. Ermənistan meydanda tək qalınca, güzəştsiz əraziləri Azərbaycana qaytaracaq. Ermənistan XİN rəhbərinin bu açıqlamasından sonra, yanvar ayının sonunda xarici işlər nazirlərinin görüşünə ehtiyac olmamalıdır. Çünki rəsmi Yerevanın mövqeyi il başlayan kimi danışıqlar prosesini sabotaj etməyə, irəliləyişi hər vəchlə əngəlləməyə və danışıqların pozulmasına hesablanıb. Sonda qeyd edim ki, “Paket həll” variantı masada varsa, buna XİN aydınlıq gətirməli və danışıqları dayandırmalı, güc tətbiqi variantına keçməlidir.”
Vəsilə İbrahim
TİA.AZ