Kütləvi silahlanma siyasətinin Ermənistanın suveren hüququ olması barədə iddia ilə əlaqədar qeyd edək ki, məhz nəyə görə Ermənistan tərəfindən bu addımların atılmasının qeyri-legitim olduğu və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə məlum olmalıdır.
Tribunainfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Xarici İşlər Nazirliyinin 19 iyun tarixli bəyanatına dair şərhində bildirilib.
Qeyd olunub ki, 30 il ərzində məhz beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüz törədən, qonşularına qarşı ərazi iddialarını davam etdirən, öz təcavüzkar əməllərini məhz Azərbaycan tərəfindən atılmış addımlar nəticəsində dayandıran Ermənistanın sülhpərvər ölkə imici yaratması siyasi manipulyasiyadır.
“1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə istinad edən Ermənistan tərəfinin son 30 ildən artıq müddətdə nəyə görə bu razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi daha yaxşı olardı.
Heç bir sərhəd tanımayan Ermənistanın Azərbaycan hərbçilərinin 30 ildən sonra yerləşdiyi mövqeləri delimitasiya olmadan öz kəndlərinin əraziləri kimi təqdim etməsi və Azərbaycanı işğalda təqsirləndirməsi absurddur.
Guya sülhü dəstəkləyən və Ermənistanın məhz müdafiə qabiliyyətini artırmağa yönəlmiş bəyanatlarına zidd olaraq, Ermənistanın ölümcül hücum silahları ilə təchiz edilməsində yarışan Fransa kimi ölkələrin Ermənistanın yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə xidmət etdiyi bəllidir. Bu siyasətin Ermənistanın növbəti mümkün təcavüzünə töhfə verdiyini nəzərə alaraq, nə qədər ki gec deyil, bu addımlardan çəkinilməsi əhəmiyyət kəsb edir.
Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır”, – şərhdə vurğulanıb.
A.Hacızadə əlavə edib ki, Ermənistan Xarici İşlər Nazirliyinin bu problemin göz ardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir: “Qeyd edilənləri nəzərə alaraq, bu ölkənin Azərbaycan tərəfinin sülh prosesində səmimiliyini şübhə altına almağa heç bir mənəvi əsası yoxdur. Ermənistanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik. Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir”.