Rəşad Sadıqovu “tələ”yə salanlarbackend

Rəşad Sadıqovu “tələ”yə salanlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur futbolçular karyeralarını bitirdikdən sonra məşqçi kimi çalışırlar. Amma onlar məşqçi karyerasına olduqca həssas yanaşırlar. Əksər futbolçular karyerasını bitirən kimi “mən filan komandanın baş məşqçisi olmaq və ya yığmanı çalışdırmaq potensialındayam” iddiasında olmur. Onlar hər hansı klubda aşağı yaş qrupundan olan komandanı çalışdırır, özlərini hazır hiss etdikdən sonra böyük işin qulpundan yapışırlar. Elə təkcə Zinəddin Zidanın məşqçi karyerasını xatırlamaq yetərlidir. Yetərli deyilsə, “Real”ın əfsanəsi Raulun hələ də öyrəndiyini qeyd edək.

Azərbaycanda isə vəziyyət fərqlidir. Karyerasını bitirən istənilən futbolçu dərhal hər hansı klubda baş məşqçi olmaq iddiasını ortaya qoyur. Adama elə gəlir ki, bu, elə anadangəlmə baş məşqçidir. Maraqlıdır ki, cəmiyyət, idman mətbuatı da onlara “tırka” verir. Sonra isə… Sonra isə həmin adam “tələ”də olduğunu görür.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da mətbuatın və cəmiyyətin “tələ”sinə düşənlərdəndir. O, Azərbaycan səviyyəsində futbolçu kimi həqiqətən də lider idi. Xarizması, istedadı, iradəsi imkan verdi ki, uzun illər yüksək səviyyədə oynaya bilsin.

Amma futbolçu karyerasını bitirəndən dərhal sonra “yüksək tələbli məşqçi” olmaq istəyi başadüşülən deyildi.

Rəşad Sadıqov nə U-21-də, nə də “Zirə”də yüksək tələbələrə cavab vermədi, istədiyi komandanı formalaşdıra bilmədi. Amma bununla belə, müsahibələrində deyirdi ki, yığma komandanı da çalışdırmağa hazırdır. Baxmayaraq ki, futboldakı idarəetmə sisteminin cikinə-bikinə də bələd olan bu adam, yığmada yerli məşqçinin uğur qazanmasının mümkünsüz olduğunu bilir. U-21-lə bağlı məsələ aydındır. Axı “Zirə”də bütün səlahiyyət ona məxsusdur. Yəni mane olan yoxdur. Bəs nə çatışmır? Nədənsə, hamıya elə gəlirdi ki, Sadıqov dərhal ikinci Qurban Qurbanov olacaq. Başa düşürəm, iddialı olmaq müsbət məqamdır. Amma bu iddianı reallaşdırmaq üçün ən vacib amil təcrübədir.

Bəs indi biz nə görürük? Məşqçi kimi iddialarını həyata keçirə bilməyən Rəşad Sadıqov gözümüzün önündə aqressivləşir. Özü də sürətlə. Ortada Qurban Qurbanov nümunəsi var axı. Vaxtilə kəskin tənqid olunan bu mütəxəssis heç vaxt soyuqqanlılığını itirmədi. Hətta ona aşkar “torba” tikiləndə belə kimlərisə ittiham etmədi. Hakimlərdən isə ümumiyyətlə narazılığını eşitmədik.

Bəli, Rəşad Sadıqovun xarizması, iradəsi, bilik və bacarığı imkan verir ki, o, yaxşı məşqçi olsun. Amma bunun üçün “tırka”ya gedib, dərhal böyük iddialar ardınca qaçmağa ehtiyac yox idi. Səbirli olmaq ən böyük üstünlük sayılmalı idi belə məqamda. Rəşad Sadıqov öyrənməli idi. Qurban Qurbanovun yanında qalıb uzun illər öyrənməli idi.

İndi isə hiss olunur ki, onda alınmır. Alınmadıqca, ona “tırka” verənlər üz çevirəcəklər Sadıqovdan. Beləcə, bir istedadlı mütəxəssisi də belə itirəcəyik. Düşünürəm ki, Rəşad Sadıqov məşqçi karyerasında irəli getmək üçün geri qayıtmalıdır. Qurban Qurbanovun yanına. Onun yanında oxunulası çox “kitab” var hələ. Bəs onu kim əvəz etməlidir? Rəşad “Qarabağ”a qayıdarsa, “köhlən atlar”ı kimlər tərk etməlidir? Bu haqda başqa yazıda…

Natiq Muxtarlı

aut.az