Rəqabətdə uduzan Azərbaycan film sənayesi – Mütəxəssislərdən üsyan və təkliflərbackend

Rəqabətdə uduzan Azərbaycan film sənayesi – Mütəxəssislərdən üsyan və təkliflər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ay camaat, bu kino ki var, bu çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib” – Böyük sənətkarımız Səməndar Rzayevin “Bəyin oğurlanması” filmində haqqında fikir səsləndirdiyi kino sənəti, çox təəssüf ki, tənəzzül dövrünü yaşayır.

30-40 il öncə çəkilən filmlər maraqla izlənildiyi halda son illər çəkilən film və seriallar o qədər də sevgi və rəğbət toplaya bilmir. Bir vaxtlar böyük maraqla qarşılanan əcnəbi seriallar isə yerini türk seriallarına verib. Bəs, görəsən, Azərbaycanın çəkdiyi serial və filmlər niyə Türkiyənin çəkdiyi serial və filmlərə uduzur?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan rejissor Rövşən İsak əsas problemin maliyyə olduğunu qeyd edib:

“Maliyyə… Birinci səbəb budur. Türkiyədə çəkilən serialın bir seriyasına xərclənən pul Azərbaycanda çəkilən serialın təxminən 15-16 seriyası deməkdir. Türk seriallarının 2 seriyasının pulu ilə bizdə bir mövsüm çəkilir. Biz onlara heç vaxt çata bilməyəcəyik. Çünki burada əhalinin sayı da böyük rol oynayır. Serial kommersiya işidir. Bizdə heç vaxt reklamın qiyməti Türkiyədə yayımlanan reklamların qiymətinə çata bilməyəcək. Buna görə də həmişə onlara uduzacağıq.

Azərbaycanda çox yaxşı serial ancaq dövlətin dəstəyi ilə çəkilə bilər. Vəssalam! Bunun başqa yolu yoxdur”.

Rövşən İsak

Rejissor, həmçinin ciddi işlərdə azərbaycanlı rejissor və aktyorlara yer verilməməsindən də gileylənib:

“Təsəvvür edin ki, dünyada hansısa bir millət, hansısa bir ölkə öz tarixi haqqında serial çəkmək istəsin və bunu başqa bir ölkənin rejissoruna tapşırsın. Azərbaycan 44 günlük müharibə haqqında dövlət səviyyəsində serial çəkməyi planlaşdırır və bunu götürüb türkiyəli rejissora verir. Bu sadəcə olaraq gülüncdür. Bu mənə utanc gətirir. Baxmayaraq ki, Azərbaycanın serial sektorunda ən yüksək reytinqləri mən əldə etmişəm, heç məni yada salan da yoxdur. Türk bizim qardaşımızdır, amma bu hərəkəti ölkəmiz adına utancverici adlandırıram. Qazaxıstan öz tarixi ilə bağlı filmi çəkməyi Hollivud rejissoruna həvalə etdi. Rejissor filmi bərbad edib ona qaytardı. Çünki bu ruh işidir. Bir amerikalı bir qazaxın taleyini, düşüncəsini, xarakterini necə hiss edə bilər? Mümkün deyil. Bizdə də onun kimi bir şey alınacaq. Başa düşmürəm, mən daha nə etməliyəm ki, nəhayət mənə inanılsın, hansısa bir iş həvalə olunsun?

Azərbaycanda yaxşı aktyor yoxdur? Hansı yaşda, hansı xarakterdə, hansı ampluada istəyirsinizsə, mən sizə bir yox, bir neçə aktyor təqdim edə bilərəm. Ciddi bir iş görən kimi Azərbaycan aktyorları yada düşmür. Bu da bir dərddir. Qəribədir ki, yaxşı nəticə əldə etməməsinə rəğmən futbola ayrılan pulun neçədə biri filmə ayrılmır. Həddindən artıq aşağı büdcə ilə film çəkilir və rejissordan hökmən dünya səviyyəli festivallarda mükafat almaq tələb olunur”.

Kinorejissor və aktyor Əbdül Mahmudov (Şeyx Əbdül) da deyib ki, bütün problemlərin kökündə maliyyə durur

“Maliyyə olmayanda nə maddi-texniki baza olur, nə peşəkar sənətkarlar iş görə bilirlər. Yüz illik kino mədəniyyəti və ənənəsi olan, kino dünyasında öz mövqeyi olan “Azərbaycanfilm” kinostudiyası bozara-bozara qalıb.

Orada kinodan qopa bilməyən fanatik uşaqlarımız var. Onlar fədaidirlər. Bir qarnı ac, bir qarnı tox o soyuq dəhlizlərdə Mədəniyyət nazirinin kinodan oğurladığı pullardan beş-üç qəpik ora gəlib çatanda nə isə xırda-para işlər görə bilirlər. Axı şapalaqla üz qızarmır.

Dünyanın heç bir yerində dövlət kinoya pul vermir, əksinə kinodan pul qazanır. Bizə ildə 6 milyon pul ayrılır. Bu ayrılan pullar gəlib kinostudiyaya çatırmı? Xeyr! O Mədəniyyət Nazirliyinə gedir, oradan da kinostudiyaya qəpik-quruş gəlib çıxır. O da ki minnətlə. Kinostudiyanı bərpa etmək, 70-80-ci illərin böyük kinolarını çəkmək istəyiriksə, kino Mədəniyyət Nazirliyinin nəzdindən çıxmalıdır və özü mütəqil komitə olaraq yaşamalıdır. Dövlətin də, sponsorların da, “mən ölüm, sən öl” ilə tapdığımız dost-aşnanın qəpik quruşu da öz fondumuza girsin. Biz peşəkar insanlarıq. Maliyə ilə də, ssenari ilə də, istehsalatla da, təbliğatla da, ideologiya ilə də, tarix və mədniyyətlə də, milli-mənəvi dəyərlərlə də necə işləmək lazımdır, çox gözəl bilirik.

Əbdül Mahmudov

Çox təəssüflər olsun ki, son vaxtlar mod düşüb, televiziyalar seriallarla hoqqalar çıxarırlar. Deyəndə də, deyirlər ki, kino çəkirlər də. Onların böyük, peşəkar kinoya heç bir aidiyyəti yoxdur. İçində babatı da var, pisi də var, gülməlisi də, lap eybəcəri də. Söhbət tarixi, təməli olan böyük bir mədəniyyət mərkəzindən – kinostudiyadan gedir.

Bunlardan biri də kino və teatr mədəniyyətidir. Cəmiyyətdə bir problem olanda problemlər bu sahələrdə daha tez özünü göstərir. Mədəniyyət Nazirliyi formalaşanda onlara üç dəfə müraciət etmişdim. Demişdim ki, cənab nazir, biz hələ bir neçə nəfər sağıq, 50-60 il kino təcrübəsi olan, kino elmini bilən insanlarıq. Bizimlə görüş, bir məsləhətləşək. Heç bir cavab gəlmədi. 3-cü müraciətimdə isə dedilər ki, kino fondu yaradırıq. Kino fondu nəyə lazımdır? O fikirləşirmi? Bir şey ki, sənin qoltuğunun altındadır, o müstəqil şəkildə nə iş görə biləcək ki? Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsi vardı və bütün böyük filmlər orada çəkilib.

Maliyyə naziri Samir Şərifov demişdi ki, kinoya hər il 6 milyon manat pul ayırılır. Mən onda ona müraciət etmişdim ki, bu 3-5 manat deyil. Əgər 6 milyon ayırırsınızsa, bunu nəzarətdə saxlayın, görək, gedib çatır, yoxsa yox. İndi kinonu ələbaxan bir təşkilat ediblər. Yuxarıdan nə əmr edirlər, odur. Əmr edənlərin də nə kino bilikləri var, nə də vicdanları. Mədəniyyət Nazirliyinin itə də bir borcu var. Mədəniyyət evləri, teatrlar, klublar, musiqi məktəbləri və s. Bunlar hamısı xərc tələb edən sahələrdir. Mədəniyyət Nazirliyinin fonduna pul gələn kimi qaphaqap başlayır. Qaphaqap da kinonun 6 milyonunun başındadır.

Yarım milyona, 10 milyona kino çəkmək mümkün deyil. Dünyanın plastikası var. Camaat bir kinonun çəkilməsinə 100 milyon pul ayırır.

Bizim cənab prezidentə səsimiz çatmır. Bu gün bir para məmurlar prezidentlə xalqın arasında Çin səddi yaradıblar. Camaat o səddi keçib sözünü öz prezidentinə deyə bilmir.

Böyük Şah İsmayıl Xətayi Səfəvilər dövlətini elan edəndə deyib ki, ağalar, biz qədim Azərbaycan dövlətçiliyini bərpa edirik, təzə dövlət yaratmırıq. Biz dövləti bərpa etmək üçün ümumimilli birliyimizdən və içimizin təmizliyindən başlamalıyıq.

Bir səbəb, bir səbəbkar, bir də nəticə var. Biz o səbəbi müəyyən etməmiş nəticə çıxarırıq. Nə qədər ki, bu işin əsas səbəbkarları, günahkarları qalmağa qoyacağıq, bu elə bu cür də davam edəcək”.

“Şah bir məmləkətə gedir, orada onu ənənəvi olaraq yaylım atəşi ilə salamlamırlar. Şah bunun səbəbi ilə maraqlanır. Deyirlər ki, şah sağ olsun, bunun 40 səbəbi var: birincisi, barıt yoxdur. Şah deyir ki, qalan 39 səbəbi deməyə ehtiyac yoxdur”.

Qəribədir ki, hər iki müsahibimiz də kino və seriallarımızın qarşısını kəsən problemlərdən bəhs edərkən bu rəvayəti danışdılar və barıtlarının, yəni maliyyələrinin olmadığını qeyd etdilər.

Mərhum sənətkarımız Səməndər Rzayevin dediyi kimi, kino zəhmətkeşləri kino çəkməyə gəliblər. Bizim də borcumuz əlimizdən gələn hər bir köməyi onlardan əsirgəməməkdir. Yoxsa türk seriallarına baxdıqca hələ çox deyəcəyik: “Bəs o əjdahadan niyə bizdə yoxdur?”