Dilimizin üslub və qrammatikasına əməl etməyən müğənnilər, sənət adamları, TV-radio aparıcıları haqda tənqidi yazılar çox olub. Amma görünən odur ki, aparılan mübarizə ytərincə nəticə verməyib.
Danışıq zamanı yol verilən qüurlar hardasa başadüşülən hesab oluna bilər. Amma yazıda bu kimi səhvlərə yol verilməsi daha acınacaqlı vəziyyət yaradır. Məsələn, paytaxt küçələrində restoran, kafe, mağazalara və s. yerləşdirilən reklam lövhələrində yol verilən ciddi qrammatik səhvlər artıq gözardı edilməyəcək səviyyədədir.

Bununla bağlı hansı qurumun məsuliyyət daşıdığını araşdırdıq və istiqamətimiz yeni açılmış Azərbaycan Dövlər Reklam Agentliyinə yönəldi. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Hüseyn Əzizov bu kimi halların niyə nəzarətsiz qaldığına dair sualımızı belə cavablandırdı:
“İndiyədək sahibkarlar açıq məkanda reklamları icazəsiz yayımlayırdılar. Amma indi, yəni ADRA yaranandan sonra onlar reklamı yayımlamazdan əvvəl Agentlikdən icazə almalıdırlar. İcazə sənədləri verilərkən reklamın vizual görünüşü, mətni ilə yanaşı digər məqamların da qanunauyğunluğu yoxlanılır. Tələblərə cavab verməyən reklamların yayımına icazə verilmir.

ADRA açıq məkandakı reklamlarla bağlı mütəmadi monitorinq aparır. Açıq məkanda reklam yerləşdirilməsinə icazə, yerləşdirilən reklama dair texniki şərtlər pasportu və reklam yerləşdirilməsinə dair icazə müqaviləsi olmadan yayımlanan reklamlar müəyyən edildikdə, əvvəlcə həmin reklam yayıcılarının maarifləndirilməsi təmin edilir, sahibkarlara qanunvericiliyin tələbləri izah olunur, mövcud problemlərin aradan qaldırılması tövsiyə edilir. Buna əməl edilmədikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklam yayımının dayandırılması üçün zəruri tədbirlər görülür. Bu zaman qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər. İnzibati Xətalar Məcəlləsinə görə, fiziki şəxslər üçün 300 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 10000 manatadək məbləğdə cərimə nəzərdə tutulur”.