Dövlət Reklam Agentliyi özünə yeni veb saytı hazırlamağa hazırlaşır. Tribunainfo.az xəbər verir ki, dünən bununla bağlı tenderin nəticələri məlum olub.
Bildirilir ki, Agentlik Veb saytın hazırlanması xidmətlərinin satın alınması üçün “SAFAROFF CA” MMC ilə satınalma müqaviləsi imzalayıb. Yeni sayt Agentliyə 23 min 600 manata başa gələcək.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Safaroff Ca” MMC 3 mart 2014-cü il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 10, mənzil 29-da yerləşir. Lakin şirkət Nəsimi rayonu, Nizami küçəsi 203B, AF Business Housenin 4-cü mərtəbəsində fəaliyyət göstərir. MMC-nin qanuni təmsilçisi Xalikov Aqşin Yaşar oğludur. Lakin MMC-nin başqa təsisçisi də var: Çingiz Səfərov. O, həm də şirkətin kreativ direktorudur.
Bildirək ki, SAFAROFF CA bir çox tenderlərin iştirakçısı olub. İndiyə qədər şirkət “MilliÖn”, “AsanPay” və Hökumət Ödəniş Portalınını hazırlayıb. Bundan başqa, ƏƏSMN-in də saytını 33 min manata hazırlayaraq, təhvil verən bu şirkət olub. Həmçinin şirkət Azərbaycan Mərkəzi Bankının istifadə olunan standart proqram təminatları üzrə lisenziyaların satın alınması ilə bağlı keçirdiyi tenderin də qalibi olub. Həmin işə görə, “Safaroff CA” 914 min manat alıb.