Rəisinin ölümü: təxribat, yoxsa təsadüfi qəza?

Rəisini ölümü: təxribat, yoxsa təsadüfi qəza?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın prezidenti İbrahim Rəisi və onunla bərabər daha 4 önəmli sima dünən baş verən helikopter qəzasında həlak olublar. Rəsmi qaynaqlar helikopterin hansı səbəbdən qəza keçirdiyi barədə dəqiq bilgi vermilər. Yalnız hava şəraitinin pis olması versiyasını irəli sürürlər. Lakin təkcə, bu və baş verən başqa hadisələr məsələnin belə bəsit olduğunu deməyə əsas vermir.

Əslində, nə baş verir? Öncəliklə ondan başlayaq ki, İran kiçik dövlət deyil, regionda xüsusi çəkisi olan ölkədir. Yaxın Şərqdə mühüm oyunçulardan biri olmaqla yanaşı, İran, həm də “Asiyanın jandarmı” funksiyasını həyata keçirir. Bu, bir növ geopolitik anlamda ona verilən missiyadır.

İndi isə hadisənin ardından baş verən bir neçə məqama diqqət yetirək. İbrahim Rəisinin olduğu helikopterlə yanaşı, daha iki helikopter də onlarla paralel uçub. Bunlar prezidentin mühafizəsini təşkil edilməsi üçün protokola görə, mütləq bir prosedurdur. Çünki prezident önəmli şəxsdir və onun mühafizəsi yerdə, göydə, dənizdə və ya quruda olmasından asılı olmayaraq, təşkil olunmalıdır. Amma Rəisinin olduğu helikopterdən fərqli olaraq, digər iki helikopter heç bir maneəsiz Təbrizə gedib çatıblar. Üstəlik, onların qəzadan belə xəbəri olmayıb.

İkinci maraqlı məqam odur ki, qəzadan dərhal sonra bölgəyə xilasedici qruplar göndərilir və onlardan bir neçəsi ya yolu azır, ya da yoxa çıxırlar. Rəsmi Tehran məsələni yenə hava şəraiti və çətin releyflə əlaqləndirir. Lakin vacib bir detal odur ki, İran kimi bir ölkənin prezidenti qəza keçirir və onu xilas etmək üçün göndərilən xilasedici qrupun hazırlıqsız olduğu üzə çıxır. Bu, yumuşaq ifadə etsək, real deyil.

Digər detallara da diqqət edək. İran hökuməti xilasetmə prosesini 16 saata başa çatdıra bilməyib. Üstəlik, qəza yerini Türkiyədən gətirilmiş “Akıncı” PUA-sı müəyyən edib. Yəni, bu ölkənin gecə müşahidəsi apara bilən bir hava nəqliyyat vasitəsi olmayıb. Təbii ki, mümkündür, amma bu İran üçün çox ciddi qüsur hesab olunmalıdır.

İranın ali dini rəhbəri Əli Xamineyi və digərlərinin açıqlamaları da maraqlıdır. Olduqca soyuqqanlı, rahat və əhəmniyyətsiz fonda verilən bu açıqlamalar da hadisə ətrafında əlavə müzakirələrin yaranmasına və şübhələrin artmasına səbəb olan faktorlardandır.

Nəyin baş verdiyini qəti demək mümkün olmasa da, bu hadisənin təxribat olduğu və daxili çəkişmədən qaynaqlandığı şübhə doğurmur. Bunun üçün hadisədən sonrakı hallarla yanaşı , hadisəyə qədər olanlara da diqqət yetirmək lazımdır.

İbrahim Rəisi hakimiyyət başına gələnə qədər önəmli postlara sahib olub. İranda qərar verə bilən mütləq bir neçə dövlət qurumundan biri olan “Qüvveyi Qəzayi”nin (ədliyyə, məhkəmə, prokurorluq, polis və kəşfiyyat xidmətlərinin birləşdiyi qurumdur. Onun rəhbərini dini lider təyin edir)rəhbəri olan Rəisi, həm də “Qəssab” ləqəbi ilə tanınıb. Çünki o, siyasi mövzulara aid edam cəzalarına qəti göstəriş verən şəxs olub. Bunu onun özü də təsdiqləyib.

Rəisinin prezidentliyə açılan yolunan səbəbkarı molla rejiminin daxilindəki mühafizəkarlar idi. İslahatçılarla mübarizədə ciddi zərbə almış bu qanad, özünü toparlayaraq, yenidən iqtidar başına keçməyə nail olmuşdu. Lakin Rəisinin Xamineyidən sonra, İranın dini lideri olacağı ehtimalları da böyük idi. Çünki Xamineyidən sonra qətiyyətli birinin vəzifə başında olması rejim üçün şərt idi. Amma bu məsələdə ciddi bir fikir ayrılığı da vardı. Bu da SEPAH-la Rəisinin fikirlərinin üst-üstə düşməməsi idi. Ona görə ki, Rəisi SEPAH-ın yalnız hərbi işlərlə məşğul olmasına və siyasətə müdaxilə etməməsinə tərəfdar idi. Elə dini rəhbər olacağı təqdirdə, SEPAH-ın bu imkanlarının qarşısını alacağını istisna etmirdi.

Bundan əlavə, Rəisi SEPAH-ın böyük bizneslərə sahib olmasına da qarşı çıxırdı. Hesab edirdi ki, bu ölkədə həm biznesin təşəkkül tapmasına, həm də böyük pulların bir neçə generalın əlində olmasına səbəb olur. Ona görə də, Hindistandan çay alınması adı ilə 6 milyard dollarlıq korrupsiyanın üstünü açmaqla, ilk addımı atmış oldu. “Debaş problemi” adlanan bu prosesdən SEPAH ciddi ziyan çəksə də, məsuliyyəti üzərindən atmağa nail olmuşdu.

Amma SEPAH-la Rəisi arasındakı ixtilaf təkcə bununla yekunlaşmırdı. Ortada qonşu və region dövlətləri ilə münasibətlərin diplomatik və siyasi yolla reallaşdırılmasına tərəfdar olan mərhum prezident, Əmirhüseyn Abdullahianı XİN başçısı gətirməklə istəyinə nail olmağa çalışırdı. Elə Tehrandakı Səfirliyimizə silahlı basqından sonra Abdullahianın verdiyi açıqlamalar da təsdiqləyirdi ki, problem hökumətdən deyil, SEPAH-dan qaynaqlanıb. Yəni, səfirliyimizə silahlı hücum təşkil etmək, terror aktı törətmək hökumətin deyil, məhz SEPAH-ın planı olub.

Bir məsələyə də diqqət edək ki, Rəisi dini rəhbər olsaydı, SEPAH-ın nə onun sözündən çıxmaq imkanı olacaqdı, nə də təsir etmək rıçaqları olmayacaqdı. Belə olan təqdirdə, onlara daha mülayim, daha sözəbaxan birisi lazım idi. Bu təbbi ki, Rəisi ola bilməzdi. Amma Xamineyinin oğlu, son zamanlar məhz SEPAH-ın mediası tərəfindən aktiv reklam edilən Müctəba Xamineyi ola bilər. Oğul Xamineyi SEPAH-ın əlində asanlıqla kukla olmaq imkanlarına malikdir. Qətiyyətli biri sayılmır, dini bilikləri də bir o qədər dərin hesab olunmur. Daha çox rahatlıq və biznes həvəskarı olan bu adamın böyük əraziləri, meyvə bağlarını ələ keçirmək kimi qalmaqallarda adı hallanıb.

Bütün bunların fonunda, bir sual daha yaranır: Niyə məhz indi?

Bunun üçün də bir qədər geriyə baxmaq lazımdır. Bu ilin martında keçirilən parlament seçkilərindən sonra İran Məclisi əsasən mühafizəkarlardan təşkil olundu. Lakin bu mühafizəkarlar heç də Rəisinin ətrafında olanlar deyildi. Əksinə, SEPAH-ın dəstəyi ilə mühafizəkarların ən qatı qanadı olan ultra sağçılar başa keçə bildilər. Bundan başqa, İran dövlətinin qərarlarına təsir edən, ona istiqamət verən əsas qurumlara da bu siyasi qüvvə ciddi cəhdlə yerləşərək, güc sahibinə çevrildilər. Xüsusən də SEPAH-dakı bir neçə general həmin ultra sağçıların əsas himayədarlarıdırlar.

Kimdir bu ultra sağçılar? İran siyasi konyukturasında ən cahil, ağılsız və savadsız kəsim hesab olunan ultra sağçılar, həm də qatı paniranistdirlər. Onlar məsələlərin diplomatik və siyasi yolla deyil, hər şeyin güc yolu ilə həllinin tərfdarları hesab olunurlar. Olduqca qəddar, heç kimlə hesablaşmayan bu kontingent, həm də geniş maliyyə və biznes imkanlarına malikdirlər. Məsələn, onlar Azərbaycanla İran arasında olan mübahisəli vəziyyətin danışıq deyil, məhz hərbi yolla həllini təklif edirlər. Hesab edirlər ki, bu torpaqlar tarixi İran əraziləridir və onu geri qaytarmaq lazımdır.

Digər tərəfdən olduqca mövhumatçı kəsim hesab edilən ultra sağçılar, özlərindən mənafelərinə uyğun hədislər uydura, hansısa yuxunun yozumu əsasında hərəkət edə biləcək qədər ağılsız kəsim hesab olunurlar. Onların mühüm postlara sahiblənməsindən sonra isə təbii, qarşılarındakı maneələrin aradan götürməyə başlayacaqları gözlənilən idi. Diqqət edin, helikopterdə SEPAH-ın önəmli simalarından biri də olub. Korpus komandiri olan general ultra sağçıların əsas müaxliflərindən biri hesab olunurdu. Yəni, qeyd edilən kəsim onu da aradan götürməklə, problemi kökündən həll etmək qərarı verib.

Bütün bu gedişat, baş verən hadisələr belə deməyə əsas verir ki, İran elitasında daxili qarşıdurma pik həddindədir. Hakimiyyətə yenidən yiyələnmiş ultra sağçıların atdıqları addımlar isə birbaşa hökuməti tam nəzarətə götürmək məqsədi daşıyır. Onların Rəisi ilə yol getməyəcəkləri də bəlli idi. Məhz bu səbəbdən İran prezidentini aradan götürmək kimi planlarının ola biləcəyi istisna edilmir.

Bu hadisələrin Azərbaycana təsiri nə ola bilər? Hazırda ən aktual sual budur. Hələlik İran mediası Azərbaycanı hədəfə alan hər hansı açıqlamalar vermir. Lakin SEPAH özünün ruporlarını irəli çəkərək, Ermənistan mediası üzərindən Bakını “şübhəli” göstərməyə çalışır. Məsələn, SEPAH-ın əsas ruporlarından biri olan jurnalist Abbas Cümə dünən gecədən etibarən Ermənistan mediasına açıqlamasında iddia edib ki, Tehranın siyasi kluarlarında hadisənin Azərbaycan üzərindən İsrail tərəfindən törədildiyi fikirləri dolaşır. Guya, Azərbaycanda İsrail agent şəbəkəsi var və onlar İran prezidentinin qəzaya uğrmasını təşkil ediblər.

Aydın məsələdir ki, bu bəhanədir və iddia olaraq da sərsəmləməkdən başqa bir şey deyil. Çünki SEPAH (İran hökuməti ilə qarışdırmayaq) Qarabağ müharibəsi başa çatdıqdan sonra iddia etməyə başladı ki, guya, İsrail Zəngilan rayonu ərazisində özünə baza qurur. Bu mövzu İran mediasında da geniş müzakirəyə çıxarıldı, çoxlu rəylər və fikirlər alındı. Amma əsassız, heç bir sübuta söykənməyə, eyni zamanda məntiqsiz olan bu prosesin nəyə hesablandığı məlum idi: Bakıya təzyiq göstərmək və küncə sıxışdırmaq.

Amma bu iddialar bir müddət sonra arxivə göndərildi. Ardından SEPAH başqa bir versiyanı ortaya atdı. Onların nəzarətində olan “Pelikan.Media” saytı “Azərbaycanın İrana qarşı yeni müttəfiqi: Taliban” adlı yazı ilə çıxış etdi. Orada iddia olunurdu ki, guya, Azərbaycan Talibanla əməkdaşlığa gedərək, şiələri sıxışdırmağa, sıradan çıxarmağa və onların yerini isə vəhhabilərlə doldurmağa çalışır. Sayt hətta onu da iddia edirdi ki, guya, rəsmi Bakı Talibana Kabildəki səfirliyin binasından təlimat verir.

Amma yazının canı bu deyildi. Son abzasdakı fikir məsələnin mahiyyətini tam ortaya qoyurdu. “İndiyə qədər İran Azərbaycanı bir neçə dəfə cəzalandırıb. Lakin görünən odur ki, Bakı Respublikası (yazıda məhz bu ifadədən istifadə olunub, heç bir yerdə Azərbaycan Respublikası yazılmayıb-müəl.) bunlardan nəticə çıxarmayıb. Ona görə də, İran Azərbaycana daha bir əsaslı dərs verməli, onu yerində oturtmalıdır”.

Qeyd edək ki, bu açıq şəkildə təhdiddir və maraqlı odur ki, belə ritorika məhz ultra sağçıların hakimiyyəti ələ keçirməsindən sonra üzə çıxmağa başlayıb.

Bütün bunlar Azərbaycana qarşı təxribatlar və müxtəlif səpkili terror aktları üçün bəhanələr yaratmaq məqsədi daşıya bilər. Yəni, İrandakı hazırkı rejim rəsmi Bakı üçün “sürprizlər” hazırlamaq arzusunda ola bilər. Zaman-zaman belə cəhdlər etdiyi də fakt olaraq mövcuddur. Dini-ideoloji zəmində “başlarını bişirdiyi” adamların əli ilə belə axmaqlığa gedə bilərlər.

Amma Azərbaycan da “armud toplamır”. İranın mümkün təxribatlarını önləmək üçün yetərli qədər imkan və gücü var. Bunun əyani sübutu kimi, İranın “Kərimə dövlət” planını önləmə əməliyyatlarını göstərmək olar.

Beləliklə, İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında ölməsi bölgədə və regionda bəzi tarazlıqları dəyişəcək. Azərbaycan da daxil olmaqla, bütün Yaxın Şərqdə aktivliyin və münaqişələrin artacağı istisna edilmir. Yəqin ki, yaxın zamanlarda biz bunun şahidi də olacağıq.

Azərbaycan isə bu ərəfədə diqqətli olmalı, sayıqlığı əldən verməməli və ehtiyatlı davranmalıdır.

Fikrət Fəraməzoğlu,

Jurnalist Araşdırma Mərkəzinin rəhbəri

Xüsusi olaraq Tribunainfio.az-üçün