Dünən İranda məlum helikopter qəzası və prezident İbrahim Rəisinin ölümü ilə bağlı yeni iddia gündəmi çalxalamağa başlayıb. Tribunainfo.az xəbər verir ki, həmin iddianın qaynağı isə SEPAH-ın nəşri olan “Fars” Agentliyidir.
Belə ki, agentlik SEPAH-dakı mənbələrə istinadən yazıb ki, qəzaya səbəb iki pilotun yanlış qərar verməsi, helikopterdə adam sayının çox olması, lazım olan yüksəklikdən daha yuxarı qalxılması və nəticədə atmosfer basıncının arması olub. Xəbər Agentliyi onu da yazıb ki, məhz atmosfer təzyiqinin çoxalması köhnə helikopterin yerə çıxırpılmasına gətirib çıxarıb.
Qeyd edək ki, xəbərin ardından İran Müdafiə Nazirliyi və SEPAH dərhal təkzib açıqlaması veriblər. Hər iki qurum bəyan edib ki, agentliyin xəbəri yalandır və heç bir əsası yoxdur. “Bununla bağlı yaradılmış araşdırma qurpu helikopter qəzasının bütün təfərrüatlarını açıqlayıb. Həmin hesabatlarda qəzanın bütün detalları aydın şəkildə qeyd olunub. Bəzi xəbər gentliklərinin yaydıqları xəbərin heç bir əsası yoxdur və yalandır”.
İran mənbələri bu hadisədən sonra diqqəti iki məsələyə çəkirlər. Onlardan biri budur ki, SEPAH-ın daxilində qruplar arasında ixtilaf şiddətlənməyə başlayıb. Belə qənaətə gəlmələrinə səbəb həmin qruplardan birinin məhz özlərinə bağlı mediaya Rəisinin ölümü ilə bağlı məlumat sızıdırmasıdır.
İkinci yanaşma isə budur ki, Pezeşkian hökuməti Rəisi hadisəsinin üzərini açmaq üçün fəaliyyətə başlayıb. Bu məqsədlə medianın imkanlarından yararlanmağa çalışır. Bu isə SEPAH-dakı bir çox qrupların ciddi narahatlığıan səbəb olacaq. Yəni, həmin məlumatın məhz Pezeşkian hökuməti tərəfindən agentliyə ötürüldüyü iddia olunur.