İran Prezidenti İbrahim Rəisi və onu müşayət edən şəxsləri daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə İranın IRNA Agentliyi qəza yerinin ətrafındakı kəndlərin sakinlərinə istinadən məlumat yayıb.
Əraziyə pilotsuz uçuş aparatları və axtarış itləri də daxil olmaqla, tam avadanlıqla təchiz olunmuş 20-dən çox xilasetmə qrupu göndərilib.
Ərazidə axtarış əməliyyatlarına kömək etmək üçün silahlı qüvvələrin gözətçi qrupları və xüsusi təyinatlıları da iştirak edir.
Ərazinin mürəkkəbliyi, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də ərazidə kəskin duman olması səbəbindən axtarış-xilasetmə işləri çətinləşib.
Qeyd olunur ki, vitse-prezidentin başçılıq etdiyi İran hökumətinin nümayəndə heyəti Rəisi helikopterinin sərt eniş etdiyi yerə gedib.
TASS bildirib ki, bu barədə İran Nazirlər Kabinetinin sözçüsü məlumat verib.